Sentyabrın 10-da İsmayıllı rayon sakini Ramin Cəfərovun müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, ilkin araşdırma zamanı 1960-cı il təvəllüdlü Şamaxı şəhər sakini Şakir Sadayevin sentyabrın 9-da İsmayıllı rayonunun Ərəgit kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Ramin Cəfərova kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Şakir Sadayev şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
09:20
İsmayıllı rayonunda bıçaqlanmış kişi ölüb.
Bu barədə "Unikal"a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Belə ki, sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramin Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq bir gün sonra ölməsi polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində R.Cəfərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Sadayev Şakir Ağasəməd oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.