"Əhalimizin gözləntisi ondan ibarətdir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsindən sonra bazarlarda ucuzlaşma olacaqmı? Azərbaycan bazarında başqa idxalçılara maneə törədib müəyyən məhsulları ölkəmizə idxal edən vəzifəli şəxslər və onların himayə etdiyi sahibkarlar var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Rəqabət Məcəlləsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib. Onun sözlərinə görə, bu məsələ indi demək olar ki, aradan qaldırılıb, vergi və gömrükdə xeyli şəffaflıq yaranıb və idxalçılara münasibət müsbətə doğru dəyişib:
"Bu baxımdan, Rəqabət Məcəlləsinin idxal olunan mallar üzrə ucuzluq yaradacağını zənn etmirəm və vətəndaşlarımız da boşuna ümidlənməsinlər. Yox, yanlışlığım varsa, istərdim ki, bu barədə izahat verilsin. Ucuzluq necə yaranacaq, bunu sadə izahla bilmək istərdik".
Anar Kəlbiyev