Bu ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satılmış 259,8 milyon ABŞ dolları vəsaitin 164,5 milyon ABŞ dolları və yaxud 63,3 %-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.
Bu barədə "Unikal"a Fonddan bildirilib.
"Valyuta satışı bazardakı tələb-təklif əsasında formalaşır. Ötən ay valyutaya tələb təklifdən az olduğu üçün ARDNF-in manat alışı məqsədilə həyata keçirdiyi valyuta satışı cədvəldə nəzərdə tutulandan az icra olunub" - deyə Fond bəyan edib.
Başqa sözlə, AMB 8 aylıq fasilədən sonra ötən ay valyuta ehtiyatlarının bir hissəsini (95,3 milyon ABŞ dolları) hərraca çıxarmalı olub. Bununla belə, ay ərzində qurumun valyuta ehtiyatları 410,9 milyon ABŞ dolları və yaxud 4,4 % artaraq 9 milyard 364,4 milyon ABŞ dollarından 9 milyard 775,3 milyon ABŞ dollarına çatıb.