"Rəqabət Məcəlləsinin üzərində əsaslı dəyişikliklərin edilməsini vacib hesab edirik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
"İstəyirik ki, Rəqabət Məcəlləsi optimal müddətdə və təkmilləşdirilmiş variantda qəbul edilsin. Bu layihə cəmiyyət üçün daha faydalı olacaq", - deyə deputat bildirib.
Ə.Məsimli qeyd edib ki, bəzi məsələləri sistemli şəkildə təkmilləşdirilib və məntiqi ardıcıllıqla Məcəllədə öz əksini tapsa, yaxşı olar:
"Sanksiyalar sərt və ədalətli olmalıdır. Sanksiyalar sərtdir, amma ədalətliliyinə bir balaca əl gəzdirmək lazımdır. Əgər sahibkar haqlıdırsa, o məhkəməyə müraciət edibsə, Rəqabət Məcəlləsinə görə haqlı olduğu halda məhkəmədən obyektiv qərar almayacaqsa, o zaman bu Məcəllə işləməz. Ona görə də məhkəmə sisteminin ciddi islahatına ehtiyac var. Bizdə rəqabəti haqsız edən amillər çoxdur. Onların içərisində məmur sahibkarlığı əsas rol oynayır. Ona görə də gəlir və xərclərin bəyannaməsi olmalıdır".
Anar Kəlbiyev