Avropa Komissiyası Ermənistanı Azərbaycandan Rumıniyaya Qara dənizaltı elektrik ötürücü xətti (Qara dəniz enerji kabeli) layihəsində iştirak etməyə çağırıb və İrəvana nüvə təhlükəsizliyində yardım vəd edib.
"Unikal" xəbər verir ki, bu barədə Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün yekunları üzrə imzalanmış birgə bəyanatda deyilir.
"Avropa Komissiyası Ermənistanın Qara dəniz enerji kabeli layihəsi kimi regional layihələrdə iştirakını dəstəkləyəcək. Avropa Komissiyası Ermənistana hava və nüvə təhlükəsizliyi sahəsində texniki yardımı genişləndirəcək", - bəyanatda deyilir.
3 GW Qara dəniz enerji kabeli layihəsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən təsdiqlənib. O, Azərbaycandan Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya və digər Aİ ölkələrinə birbaşa sualtı elektrik ötürücü xəttinin yaradılmasını nəzərdə tutur. Bu, Aİ-nin Rusiya ilə enerji əlaqələrinin kəsilməsindən itkiləri kompensasiya etməyin yollarından biri və eyni zamanda Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qarşı mübarizə üsullarından biri kimi qiymətləndirilir.