Noyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  “İqtisadiyyatın idarə edilməsinin müasir problemləri və perspektivləri” mövzusunda respublika elmi konfransı öz işinə başlayıb. 

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış mərasimində çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ADNDU-da Ulu Öndər Heydər Əliyev ili çərçivəsində bir sıra beynəlxalq konfranslar və tədbirlər keçirildiyini qeyd edib. Dosent Vazeh Əskərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan bu konfrans iqtisadiyyatın inkişafının aktual problemləri və perspektiv istiqamətlərinin öyrənilməsi və araşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli mövzunun aktuallığını vurğulayaraq konfransın ölkənin dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsindəki problemlərin müxtəlif aspektlərinə toxunmaq və bu məsələləri müzakirə etmək məqsədilə təşkil olunduğunu deyib. 

Sonra konfransda İqtisadiyyat İnstitutunun “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Fuad Qənbərov “Azərbaycanda qeyri-neft ixracı: imkanlar və inkişaf istiqamətləri” mövzusunda, İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, dosent Rəsmiyyə Abdullayeva “Azərbaycanda qeyri-dövlət pensiya təminatının formalaşdırılması” mövzusunda, İqtisadiyyat İnstitutunun “Monetar və fiskal tənzimləmə problemləri” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, dosent, Yaşar Məmmədov “Azərbaycanda səhiyyə sisteminin inkişaf səviyyəsinin qiymətləndirilməsi” mövzusunda, İqtisadiyyat İnstitutunun doktorantı Aygün Təhməzli “Dayanıqlı inkişaf  məqsədləri çərçivəsində Azərbaycanda sosial inkişafın təmin olunması” mövzusunda mərzuələrlə çıxış ediblər. 

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb, təklif və iradlar dinlənilib. 

Ümumilikdə konfransa 113 məqalə təqdim olunub və onlardan 101 məqalə plaqiatdan keçib. Konfrans bölmə iclasları ilə davam edir və noyabrın 24-də başa çatacaq.