Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Unikal"a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, onaltımərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərməyən və təmirsiz qeyri-yaşayış obyektində baş vermiş yanğının binanın digər mərtəbələrinə keçmə riski yüksəkdir.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zirzəmidə yerləşən ümumi sahəsi 4m2 olan gözətçi otağının yanar konstruksiyaları və ümumi sahəsi 120m2 olan obyektdə müxtəlif tullantılar yanıb.

Obyekt və mənzillər yanğından mühafizə olunub, xəsarət alan olmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində sakinlərin təxliyəsi həyata keçirilib.
 

***

09:51

Paytaxtın Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

***

09:27

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

"Unikal" xəbər verir ki, hadisə Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən binada baş verib.

Hazırda hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.