Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması məqsədilə ilkin məlumat mübadiləsini nəzərdə tutan Sazişi təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Türkiyə Respublikasının Rəsmi Qəzetində diqqətə çatdırılıb.
“18 avqust 2022-ci il tarixində Bakı imzalanmış əlavəli “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”in təsdiqlənməsinə 244 saylı Qanunun 5-ci maddəsi ilə 9 saylı Prezident Sərəncamının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilmişdir”, – sənəddə qeyd olunub.
Xatırladaq ki, Sazişi Azərbaycan hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov, Türkiyə hjökuməti adından bu ölkənin ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay və Gürcüstan hökuməti adından bu ölkənin Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava imzalayıb.
Sənədin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.