"Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur".
"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb.
"Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.
Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib.
Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə Fransa Parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq istərdik.
Bu müddət ərzində Fransa ərazisində mövcud olan Azərbaycanofob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət ağlasığmaz addım kimi 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir.
Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır.
Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır.
Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir", - Ayxan Hacızadə vurğulayıb.