Xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan-Pakistan tərəfdaşlıq əlaqələrinin dinamikasından məmnunluq ifadə olunub, dövlət və hökumət nümayəndələrinin qarşılıqlı yüksək səviyyəli səfər və təmaslarının bu əlaqələrin inkişafına xüsusi təkan verdiyi bildirilib.
Azərbaycan-Pakistan strateji tərəfdaşlığı fonunda ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.
Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli təsisatlar çərçivəsində Pakistan ilə qarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə önəm verdiyi bildirilib.
Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yaşıl enerji sahəsində Azərbaycan-Pakistan tərəfdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.