Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun- Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Unikal"a Hərbi Prokurorluqdan məlumat verilib.

Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Hazırda Qubadlı hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Allah hərbçilərimizə rəhmət eləsin.

***14:23

İyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.