"Dəfələrlə publik olaraq çıxışlarımda rəqabət mühitinin qorunması, ən əsası təkcə inhisarçılara və rəqabəti pozan sahibkarlara qarşı deyil, həm də dövlət qurumlarının rəqabəti pozan davranışlarının qarşısının alınması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətlərinin artırılmasını və müstəqil qurum kimi formalaşdırılmasını təklif etmişdim".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, xidmətin hazırkı səlahiyyətləri daxilində bu problemləri təkbaşına həll etməsi çətin idi:
"Odur ki, rəqabət mühitinin qorunması, ən əsası təkcə inhisarçılara və rəqabəti pozan sahibkarlara qarşı deyil, həm də dövlət qurumlarının rəqabəti pozan davranışlarının qarşısının alınması üçün rəqabət orqanına daha yüksək səlahiyyətlər verilməli idi. Ölkə başçısı həmin qurumun əsasında birbaşa Prezidentə tabe olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaratdı.
Sözsüz ki, bu qurumun işi o qədər də asan olmayacaq. Ölkədə rəqabət mühitini formalaşdırmaq və dayanıqlı saxlamaq üçün böyük güc, əzm lazım gələcək. Süni qiymət artımlarının qarşısını almaq, haqsız rəqabəti və ədalətsiz bazar şərtlərini aradan qaldırmaq, idxal “monopoliyası” ilə mübarizə aparmaq, manipulyasiyaların və spekulyasiyaların qarşısını almaq, onlarla digər böyük işlər görmək məhz bu yeni Agentliyin vəzifə öhdəlikləri olacaq".
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Xidmət) əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) yaradılıb.