"Düşünürəm ki, minimum əməkhaqqında 10-15 faizlik artım gözləyə bilərik. Amma bu o qədər də asan proses deyil. Hökumət ilin əvvəlindən nazirlikdən bu haqda araşdırma aparıb təklif verməsini istəyib".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O bildirib ki, bu, həm inflyasiyaya təsir göstərəcək, həm də əmək bazarında qiymətləri dəyişəcək addımdır:
"Həmçinin, buna paralel olaraq özəl sektor bu artımı qarşılaya biləcək gücdə olmalıdır. Yəni, işçilərin yenidən müqaviləsiz fəaliyyətinin təşkil edilməsi fikirlərinə düşməli deyillər. Ona görə də çalışırlar ki, minimum əməkhaqqını kifayət qədər əsaslı şəkildə artırsınlar. Bu zaman inflyasiya məsələləri diqqətdə olacaq. Ötən il 8,8 faiz inflyasiya var idi. Bu il isə 4 faiz ətrafında gözlənilir. Güman edirəm ki, inflyasiya nəzərə alınacaq və minimum əməkhaqqında 10-15 faiz intervalında artım olacaq. Bu qərar tək dövlətin maliyyə yükünü artırmır. Eyni zamanda, özəl sektor üçün məcburi normativ yaradır. Buna görə də detallı surətdə analiz edilir".
Qeyd edək ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etməsi tapşırılıb.
Anar Kəlbiyev