Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğusunda bildirilib ki, bu ilin II rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi əvvəlki illə müqayisədə 4 faiz bəndi artaraq 23 % təşkil edib. Belə ki, Azərbaycan əhalisinin borclanma səviyyəsi 4 faiz bəndi artıb. Bəs görəsən, əhalinin borclanmasına səbəb nədir?

VI çağırış Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov "Unikal"a açıqlamasında bildirib ki, uzunmüddətli diffuziya indeksi vətəndaşların borclanma səviyyəsini göstərməklə yanaşı həm də kredit portfelindəki artımı göstərir. Onun sözlərinə görə, kommersiya bankları əldə etdikləri vəsaiti həm də kreditlər formasında təqdim etməlidirlər:

"Kredit portfelindəki artımlar 2024-cü ildə də davam edib. Bu ilin ilk ayında kredit portfelinin həcmi 23 milyard 183 milyon manat idisə, bu rəqəm artıq 25 milyard 694 milyon manatadək yüksəlib. Hər ay əvvəlki aya nisbətən kredit qoyuluşlarında artımlar müşahidə olunub. Yəni, avqustda 25 milyard 694 milyon manat idisə, iyulda bu rəqəm 25 milyard 429 milyon manat idi. Həmçinin, yarım ilin yekunlarında 25 milyard 758 milyon manat olub. Eyni zamanda, may ayında 24 milyard 644 milyon manatlıq kredit qoyuluşu həyata keçirilib. Bu həm də kreditlərə əlçatanlığın artırılması anlamına gəlir. Ona görə ki, vətəndaşların və biznesin mütəmadi olaraq kreditlərə ehtiyacı var. Bu baxımdan kreditə əlçatanlıq çox vacibdir".

İqtisadçı qeyd edib ki, kredit faizlərinin optimallaşdırılması çox vacibdir: "Bu ondan xəbər verir ki, kredit tələbi artmaqdadır. Bir sıra banklarda kredit əlçatanlığının yüksəlməsi müşahidə olunur. Bunların fonunda kredit faizlərinin aşağı salınması yenə də prioritetdir. Kredit faizlərinin aşağı salınması üçün yeni yanaşmaya ehtiyac var. Birmənalı şəkildə kredit faizlərinin azaldılması növbəti dövr üçün bank sektorunda ən vacib məsələlərdən biri olaraq qalmaqdadır".

Anar Kəlbiyev