"Azərbaycanla Rusiya arasında mövcud olan münasibətlər keyfiyyət və mahiyyətcə yeni səviyyəyə qaldırılıb. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətlərini əhatə edir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib. Onun sözlərinə görə, iki ölkə arasındakı dostluq münasibətlərinin təməli Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qoyulub:
“1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə" ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəddir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı “Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Ulu Öndər Heydər Əliyevin bu siyasətini davam etdirən Prezident İlham Əliyev də Rusiya ilə münasibətlərə hər zaman çox həssas yanaşıb. İki ölkə arasında yaradılmış bu cür mühit ilk öncə dövlət başçıları - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinə əsaslanır. Dövlət başçılarının son illər mütəmadi görüşləri və qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls verib”.
Deputat qeyd edib ki, bu günlərdə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı ilə bağlı növbəti uğurlu addım atılıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasına qatılmaq üçün Moskvaya səfər etdi. Dövlətimizin başçısı rusiyalı həmkarı ilə görüşündə iki ölkə arasında əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu diqqətə çatdırdı. Bu isə onu deməyə əsas verir ki, qarşılıqlı etimad əsasında formalaşmış Azərbaycan-Rusiya münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf edir. Bir məsələni də xüsusi qeyd edim ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Hesab edirəm ki, bu çox tarixi hadisədir. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri idi və demək olar ki, tamamilə dağıdılmışdı. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər öz evlərinə qayıdıblar. Sözsüz ki, bütün bu işləri də Azərbaycan dövləti öz maliyyəsi hesabına edib və etməkdədir”.
S.Salmanova ümumilikdə hesab edir ki, hazırda Azərbaycanla Rusiya arasındakı əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm siyasi iradə və əzm var: “Bu da dövlətlərimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhün təmin edilməsinə böyük töhfə verir”.