Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov parataekvando idman növü üzrə Dünya, Avropa, beynəlxalq turnirlərin çempionu, o cümlədən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilovla görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, idmançının məşqçisi Arif Xəlilov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Niyazi Bayramov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə idmanın, o cümlədən Paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğı göstərildiyini bildirib. O qeyd edib ki, məhz bu diqqətin nəticəsidir ki, bu il keçirilən Yay Paralimpiya Oyunlarında iştirak edən idmançılarımız yüksək nəticələr əldə edib və bayrağımızı Fransanın Paris şəhərində dalğalandırıblar. Niyazi Bayramov İmaməddin Xəlilovu Paris-2024 Yay Paralimpiya Oyunlarında qazandığı qələbə münasibətilə təbrik edərək ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Çıxış edən rəsmilər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idmanın inkişafına göstərdikləri qayğıdan söz açıblar və idmançını təbrik ediblər.
İmaməddin Xəlilov da öz növbəsində ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Səmimi görüş üçün Niyazi Bayramova minnətdarlığını ifadə edən idmançı, daha əzmlə çalışacağını və gələcəkdə ölkəmizin bayrağını yüksək arenalarda dalğalandıracağını deyib.
Sonda xatirə şəkli çəkdirilib.