Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
"Unikal" xəbər verir ki, Yunanıstanın Baş naziri COP29-un qısa müddət ərzində yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, Bakı ilə Afina arasında birbaşa uçuşların təşkili məsələləri qeyd edildi.
*** 19:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Çin Xalq Respublikası Baş nazirinin müavini Din Süesən ilə görüşüb.
"Unikal" xəbər verir ki, Din Süesən Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Qonaq qeyd etdi ki, COP29-da dövlətimizin başçısının çıxışı çox dolğun və məzmunlu idi. COP29-un yüksək səviyyədə təşkil edildiyini və bundan məmnun olduqlarını deyən Çin Xalq Respublikası Baş nazirinin müavini dedi ki, bu, bir daha onu göstərir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın çox yüksək təşkilatçılıq potensialı var. Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyini vurğulayan Din Süesən qısa müddət ərzində Azərbaycanın belə miqyasda iş həyata keçirdiyini vurğuladı.
Çin Xalq Respublikası Baş nazirinin müavini bildirdi ki, Azərbaycanla Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
Dövlətimizin başçısı da iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək bununla da əlaqələrimizin məzmunca daha da zənginləşdiyini vurğuladı.
Söhbət zamanı COP-un hazırlığı prosesində Azərbaycanın Çinin BYD şirkəti ilə əməkdaşlığı, bu şirkətin elektrik avtobuslarının ölkəmizə idxalı qeyd edildi, COP çərçivəsində hazırda onlardan istifadə olunduğu bildirildi. BYD şirkətinin elektrik nəqliyyat vasitələrinin Azərbaycanda istehsalı ilə əlaqədar razılığın əldə olunduğu diqqətə çatdırıldı.
Ölkələrimizin çoxtərəfli diplomatiyaya və xalqlararası dialoqa böyük önəm verdiyi vurğulandı.
“Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığa toxunuldu, Azərbaycanın bu layihəni dəstəklədiyi bildirildi və son dövrlərdə yükdaşımalarda artım müsbət amil kimi qeyd olundu. Azərbaycanın nəqliyyat infrastrukturunun və Bakı limanının potensialının artırılmasının gələcək yükdaşımalar üçün daha geniş imkanlar yaratdığı bildirildi.
Çinlə Azərbaycan arasında mədəni-humanitar əlaqələrin inkişafından, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu.
*** 19:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin ilə görüşüb.
"Unikal" xəbər verir ki, Rusiya Hökumətinin Sədrini salamlayan Prezident İlham Əliyev dedi:
- Sizi görməyimə şadam. Vaxt tapıb gəldiyiniz üçün sağ olun. Çox şadam ki, Rusiya bu konfransda yüksək səviyyədə təmsil olunub. Əminəm ki, Sizin müzakirələrdə şəxsən iştirakınız ona xüsusi əhəmiyyət verəcək.
Həmçinin konfransın Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ərəfəsində və COP29-a hazırlıq prosesində Azərbaycana göstərilən dəstəyə görə Rusiya Federasiyasına minnətdarlığımı bildirmək istərdim. Bizim üçün bu, təbii ki, müstəsna hadisədir. Azərbaycanda heç vaxt belə miqyasda tədbirlər keçirilməyib. Biz şadıq ki, dost ölkələr bu tədbirdə fəal iştirak edir və yüksək səviyyədə təmsil olunurlar.
Əlbəttə, həmişə olduğu kimi, ikitərəfli gündəliyi bir daha nəzərdən keçirmək üçün yaxşı fürsətdir. Son vaxtlar Vladimir Vladimiroviç ilə tez-tez görüşürük, amma bununla belə, münasibətlərimizin gündəliyi o qədər genişdir ki, sanki görülən bütün işləri mütəmadi olaraq yoxlamağa və gələcək inkişaf istiqamətlərini müəyyən etməyə ehtiyac var.
Beləliklə, bir daha xoş gəlmisiniz.
x x x
Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin dedi:
- Hörmətli İlham Heydər oğlu, sağ olun.
Bütün tədbirlərin, xüsusən belə genişmiqyaslı, yəqin ki, Birləşmiş Millətlər Təşkilatının iqlim məsələlərinə həsr olunmuş ən böyük konfransının təşkilinə görə Sizə təşəkkür etmək istəyirəm. Burada hamı ən yüksək təşkilatçılıq səviyyəsini qeyd edir.
Həmçinin bildirmək istəyirəm ki, Vladimir Vladimiroviç Putin mənim uçuşumdan əvvəl şəxsən Sizə çoxlu, ən səmimi arzularını çatdırdı və xahiş etdi ki, hazırkı tədbirin uğurla keçməsi münasibətilə Sizi təbrik edim. Artıq hamı bunu qeyd edir.
Ümumiyyətlə, belə bir konfrans ilk dəfədir Cənubi Qafqazda keçirilir və bu, bildiyimə görə, gündəliyin təşkili üçün çox iş görmüş Azərbaycanın müstəsna rolunu vurğulayır. Gündəlik mürəkkəbdir. Hər kəs müzakirələrin yüksək səviyyəsini, həmçinin hazırkı konfransın tarazlaşdırılmış, o cümlədən nəticələr verən sənədini qeyd edir.
İkitərəfli gündəliyimizə gəldikdə, Siz bu barədə danışdınız. Birgə əmtəə dövriyyəsi artır. Biz ikitərəfli gündəliyimizin bütün istiqamətləri üzrə əməkdaşlıq edirik. Bunlar həm sənaye, energetika, həm kənd təsərrüfatı, həm də mədəni-humanitar, rəqəmsallaşma sahələridir. Biz Əli Hidayət oğlu ilə - hökumətdəki həmkarlarımızla bu gün bütün gündəlik üzrə iş apardıq.
Qonaqpərvərliyə görə Sizə bir daha çox təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. Mənim də ən xoş arzularımı və salamlarımı Vladimir Vladimiroviçə çatdırın.
Mixail Mişustin: Sağ olun.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
*** 18:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri xanım Şina Ənsari ilə görüşüb.
"Unikal" xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edən Şina Ənsari İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Məsud Pezeşkianın Prezident seçilməsindən sonra onunla telefon danışığını məmnunluqla xatırlayan dövlətimizin başçısı vurğuladı ki, Məsud Pezeşkianın dövlət başçısı seçilməsindən sonra Azərbaycan hökumətinin müxtəlif səviyyəli nümayəndə heyətləri İrana səfər ediblər.
İran ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin olduğunu deyən Şina Ənsari əlaqələrimizin tarixi xarakter daşıdığını vurğuladı.
Söhbət zamanı Araz çayı üzərində birgə layihələr, Su Elektrik Stansiyasının tikintisi və ətraf mühit sahəsində əməkdaşlığımız qeyd olundu, hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi vurğulandı.
Şimal-Cənub nəqliyyat dəhlizinə toxunuldu, bu xüsusda Azərbaycan, Rusiya və İran arasında birgə əməkdaşlıq qeyd edildi.
Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunuldu, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulandı.
Prezident İlham Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını ifadə etdi.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
“Unikal” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
XXX
18:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.
"Unikal" xəbər verir ki, COP29-a dəvətə, bu tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Ruanda Prezidenti qeyd etdi ki, dövlətimizin başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çıxışı çox dolğun və məzmunlu idi.
Prezident İlham Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə Pol Kaqameyə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, COP sədrliyini öz üzərinə götürəndən etibarən Azərbaycana qarşı haqsız və ədalətsiz hücumlar olmuş, beynəlxalq mediada müxtəlif kampaniyalar təşkil edilmişdir ki, bunlar da qəbuledilməzdir. Azərbaycan Prezidenti dedi ki, belə təəssürat yaradılır ki, sanki dünyanı çirkləndirən inkişaf etməkdə olan dövlətlərdir.
Ruanda Prezidenti “Commonwealth” təşkilatı çərçivəsində də Azərbaycanla əməkdaşlıq məsələlərini qeyd etdi.
Dövlətimizin başçısı “Commonwealth” xətti ilə ölkəmizin kiçik ada dövlətlərinə maliyyə yardımı göstərdiyini və Azərbaycanın peyk imkanlarından istifadə edərək həmin ölkələrin iqlim dəyişikliyi nəticəsində qarşılaşdıqları məsələlərlə bağlı məlumat bazasının hazırlanacağını da bildirdi, Azərbaycanın praktiki baxımdan faydalı əməkdaşlığı daim dəstəklədiyini dedi.
Görüşdə Azərbaycanla Ruanda arasında ikitərəfli münasibətlər müzakirə olundu.
Ruanda Prezidenti Azərbaycanın “ASAN xidmət” təcrübəsinin çox maraqla qarşılandığını qeyd etdi. Bu təcrübənin Ruanda da tətbiq olunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olundu.
ASAN və DOST xidmətləri haqqında məlumat verən dövlətimizin başçısı burada göstərilən xidmətlərin keyfiyyətinin vətəndaşlar tərəfindən maksimum şəkildə müsbət qarşılandığını bildirdi.
Görüşdə iqtisadi-ticari əlaqələr, sərmayələr sahəsində əməkdaşlıq, insanlararası təmasların daha da genişləndirilməsi məsələləri müzakirə olundu, birgə işçi qrupunun yaradılması razılaşdırıldı.
Ruanda Prezidenti qeyd etdi ki, Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.
Pol Kaqame Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət etdi. Dövlətimizin başçısı da öz növbəsində Ruanda Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi.
XXX
18:06
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Çin Xalq Respublikasının Baş nazirinin müavini Din Süesən ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
XXX
17:24
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökumətinin Sədri Mixail Mişustin ilə görüşüb.
“Unikal” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
XXX
17:15
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Qabonun vitse-prezidenti Cozef Ovondault Berre ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
XXX
16:55
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.