Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü ilə əlaqədar YAP Pirallahı rayon təşkilatı tərəfindən tədbir təşkil edilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon təşkilatının inzibati binasındakı abidəsini ziyarət edərək, Ulu Öndərin xatirəsini dərin hörmətlə anıblar.
Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək, partiyanın keçdiyi şərəfli yoldan və qazandığı uğurlardan danışıblar.
Natiqlər qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Onlar vurğulayıblar ki, Heydər Əliyevin ideoloji baxışları və siyasət fəlsəfəsi, partiyanın hər zaman uğurla fəaliyyət göstərməsini təmin edib. Bu gün isə Yeni Azərbaycan Partiyası, cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanaraq, ölkənin sürətli inkişafında və beynəlxalq nüfuzunun artmasında xüsusi rol oynayır.
Sonda, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Tədbir bədii hissə ilə davam etdirilib.