Bakı metrosunun “Gənclik” stansiyasında qatarda yanğın məlumatı ilə əlaqədar texniki baxış keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, "Gənclik" stansiyasında qatar stansiyanı tərk edərkən sərnişinlərdən birinin yanıq qoxusunun gəldiyini bildirməsi olub.
"Metronun "Gənclik" stansiyasında qatar stansiyanı tərk edərkən sərnişinlərdən biri maşinist rabitəsindən istifadə edərək məlumat verib ki, yanıq qoxusu gəlir. Bu səbəbdən metronun "Nəriman Nərimanov" stansiyasında qatara baxış keçirilib. Baxış zamanı hər hansı bir problem aşkar edilməyib. Eyni zamanda, qatarda olan sistemlər hər hansı bir problem göstərməyib. Bununla belə, ehtiyat və sərnişinin məlumatını yoxlamaq üçün qatara əlavə baxış keçirilib. Hər hansı bir problem müəyyən olunmayıb", - deyə qurum rəsmisi əlavə edib.