Onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarının spektrinin genişləndirilməsi, habelə “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”nın müasir tələblərə uyğun olaraq yenidən işlənilməsi zəruridir.

"Unikal" xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, digər mühüm məsələ dövlət hesabına dərman preparatları ilə təmin edilmək hüququna malik olan və dispanser qeydiyyatına alınan imtiyazlı şəxslərin dövlət hesabına təyin olunmuş dərman preparatları ilə vaxtında təmin edilməməsi, xüsusilə müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmaması ilə bağlıdır:

“Qeyd olunanlarla yanaşı, sağlamlığın qorunması hüququnun effektiv təmin olunması məqsədilə icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər zərfinin genişləndirilməsi, həmin zərfə daxil olan xidmətlər çərçivəsində ambulator müalicə alan şəxslərə yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması üçün zəruri tədbirlərin görülməsi, eyni zamanda ölkəyə idxal edilən dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi zəruridir”.

Anar Kəlbiyev