Xəbər verdiyimiz kimi, "Amal Group" MMC 2024-cü ilin may ayında Qubadlıda Zilanlı kəndinin tikinti-quruculuq işləri ilə bağlı tender nəticələrinin qalibi olub. Nəticələrə əsasən, "Amal Group" Qubadlının Mahruzlu və Zilanlı kəndlərini inşa etməli və hətta bir müddət öncə təhvil verməliydi.

Qubadlının Zilanlı kəndində tikinti işlərini həyata keçirən subpodratçı şirkət olan "Upsilon" MMC-nin səlahiyyətli nümayəndəsi Rəşad Quliyev "Unikal"a müraciətində bildirib ki, "Amal Group" dövlətdən aldığı pulları digər yarım qalmış işlərinə yönləndirib:

""Amal Group" müqavilədəki öhdəliklərini yerinə yetirməyib və ödənişləri etməyib. Sözügedən şirkət tenderin qalibi olandan sonra, dövlət büdcəsindən 4 milyona yaxın vəsait əldə edib. Biz isə, subpodratçı olaraq 2 milyon manata yaxın dəyəri olan iş görməyimizə baxmayaraq, bizə heç bir vəsait ödənilməyib.

Nəticədə yüzlərlə işçi zəhmətinin haqqını ala bilmədiyi üçün Qubadlıda etiraz aksiyaları keçirib. "Amal Group" rəhbərliyi etirazlardan sonra həmin işçilərə qanunsuz olaraq nağd formada ödənişlər edib.

Bizim şirkəti də 3 ay ərazidə ağır şərtlər altında işlədib, ödənişləri həyata keçirməyiblər. Nəticədə "Upsilon" MMC həm işçilər, həm də dövlət qarşısında ciddi şəkildə borclanıb. Məhz bu səbəbdən "Upsilon" şirkətinin 200 min manatdan çox dövlətə borcu yaranıb.

Qeyd edim ki, "Amal Group"un rəhbəri Orxan İbrahimlidir. O, hüquqi prosesləri və bütün qanunları heçə sayır. O.İbrahimli "Upsilon" MMC-yə məxsus əmlakları qaytarmaqdan imtina edir.

Haqlı olaraq sual yaranır ki, "Amal Group" rəhbərliyi bütün bu qanunsuzluqları nəyə söykənərək edir?", - deyə o qeyd edib.

Seymur Əli