Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.
*** 17:23
"Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılır".
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Unikal"a verilən məlumata görə, martın 3-də Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.
Bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.