Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Unikal" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

*** 10:55

Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Kavelaşvili ilk xarici səfərini bu gün Azərbaycana edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb. 

Məlumata görə, səfər çərçivəsində Mixail Kavelaşvilini Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək. Baş Nazir Əli Əsədov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşlər nəzərdə tutulub.

Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya və parlament üzvləri Givi Mikanadze, Zaur Darqali və Savalan Mirzəyev daxildir.

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin jurnalistlərə verdiyi məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq: "Cənab Prezidentin ilk xarici səfəri Azərbaycan Respublikasından başlayır. Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dost ölkəsidir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yüksək səviyyəli görüşlər keçiriləcək. Həmçinin, Baş Nazir, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri üzrə bir sıra mühüm məsələlərlə bağlı ikitərəfli görüşlər keçiriləcək. Hazırda ölkələr arasında həyata keçirilən iqtisadi layihələr müzakirə olunacaq, mən xüsusilə bərpa olunan enerji məsələlərini və ölkələrimiz arasında həyata keçirilən bir sıra meqa layihələri qeyd etmək istərdim".

Kavelaşvilinin Azərbaycana səfəri aprelin 16-da başa çatacaq.

Ağarza Elçinoğlu