Lənkəranda partlayışda bir nəfər xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə Lənkəran rayonunun Şovu kəndində mağazaların birində baş verib. İş yerinə gələn kənd sakini, mağazanı işlədən Mahir Cəbrayılov qapını açıb içəri daxil olub və elektrik avadanlıqlarını işə salıb. Bu zaman mağazada partlayış baş verib. Partlayış o qədər güclü olub ki, mağazanın qapılarını yerindən çıxarıb, tavanı dağıdıb, şüşələri qırıb.

Partlayış zamanı mağazada olan M.Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. 

Partlayışa soyuduculardan birinin qaz balonunun sıradan çıxmasının səbəb olduğu bildirilir. Kənd sakinləri deyir ki, mağazanın qarşısından qaz kəməri keçir, ola bilər ki, kəmərdə sızma olsun.

Fakt üzrə araşdırma davam etdirilir.

Xəlil Əliyev