Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini, daxili xidmət polkovniki Elvin Xanlar oğlu Mehdiyev işdən çıxarılıb.

"Unikal" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Elvin Mehdiyev vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Elvin Mehdiyev ötən ilin iyul ayında Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Bakı Regional Mərkəzinin Maddi Texniki Təchizat üzrə rəis müavini təyin olunmuşdu. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.

Xatırladaq ki, bu ilin mart ayında müəmmalı səbəblərdən FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən kənarlaşdırılıb, bir neçə gün əvvəl 4 aylıq sərəncama götürülüb. Gəncə Regional Mərkəzin rəisi polkovnik Elnur Məhərrəmov vəzifəsindən azad edilərək, Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.