Respublikanın bölgələrində taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən "Unikal"a verilən məlumata görə, bu il ölkə üzrə 932 319 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 505 696 hektarını buğda, 426 623 hektarını arpa sahələri təşkil edir.
Hazırda biçin prosesi Azərbaycanın 40 rayonunda əsasən arpa sahələrində aparılır. İyunun 12-nə olan operativ məlumata görə, ölkə üzrə buğda sahələrinin 0,8 faizində, arpa sahələrinin isə 28,7 faizində biçin prosesi yekunlaşıb.
Bugünədək ölkə üzrə 4141 hektar buğda, 122 265 hektar arpa sahəsi biçilib. Sahələrdən 13032 ton buğda, 381 604 ton arpa yığılıb. Orta məhsuldarlıq buğda üzrə 31,5 sent/ha, arpa üzrə isə 31,2 sent/ha təşkil edir.
Operativ məlumata görə, buğda üzrə ən yüksək məhsuldarlıq Salyan (50 sent/ha) və Bərdə (41,3 sent/ha) rayonlarında, arpa üzrə ən yüksək məhsuldarlıq isə Hacıqabul (48 sent/ha) və Oğuz (40 sent/ha) rayonlarında qeydə alınıb.
Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. Bu bölgələrdə iyunun son ongünlüyündə buğda biçininə start veriləcək.
Hazırda taxıl biçinində 1356 taxılyığan kombayn iştirak edir. Bunlardan 573 ədədi “Aqroservis” ASC-nin, 783 ədədi isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır.
“Aqroservis” ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.