"2024-cü ildə "Brent" markalı neftin bir barelinin orta qiyməti 81, "Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 ABŞ dollar olub. Bu isə dövlət büdcəsində nəzərdə tutulan 75 dollardan 10.4 faiz çoxdur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

"Belə olan halda neftin dünya bazar qiyməti dövlət büdcəsində nəzərdə tutulan rəqəm ilə müqayisədə çox olduğundan bu sektor üzrə fiskal gəlirlərimizin azalması səbəblərinin daha detal araşdırılması məqsədəuyğundur. Ümumi neft qiymətlərindəki azalma fiskal gəlirlərdən daha çox suveren fondun yığımlarına təsir etməlidir", - deyə deputat bildirib.

V.Bayramov qeyd edib ki, 2024-cü ildə sadələşdirilmiş vergi üzrə 373,0 milyon manat proqnoza qarşı 2,7 faiz daha çox , yəni, 382,9 milyon manat vəsait büdcəyə daxil olub: "Bu o deməkdir ki, sözügedən mənbə üzrə fiskal daxilolmalar genişlənib. Bununla yanaşı, artq 10 ildir ki, sadələşdirilmiş vergi dövriyyəsi dəyişdirilmir. Belə ki, sonuncu dəfə 2016-cı ilin yanvarın 1-də sadələşdirilmiş vergi dövriyyəsi 120 min manatdan 200 min manatadək artırılıb. 2015-ci il ilə müqayisədə Azərbaycan iqtisadiyyatı möhtərəm Prezidentin rəhbərliyi həyata keçirilən islahatlar nəricəsində 54,4 milyard manatdan 126.3 milyard manatadək böyüyüb. Yəni, son 10 ildə Azərbaycanda ÜDM 2.3 dəfə artıb. Bu isə o deməkdir ki, həmin dövrdə sahibkarlıq da inkişaf edib və biznes dövriyyəsi də artıb. Bu baxımdan, sadələşdirilmiş vergi dövriyyəsinin iqtisadiyyatdakı artım tempinə uyğun olaraq 2 dəfə artırılması məqsədəuyğun olardı. Bu mikro sahibkarların vergi güzəştlərindən daha geniş miqyasda faydalanmasına imkan verərdi. Bütövlükdə isə, vergi güzəştlərinin coğrafi və ya sektor kimi kəmiyyət meyarlarından daha çox istehlak kimi keyfiyyət meyarları ilə əlaqələndirilməsinə ehtiyac var".

Anar Kəlbiyev