Yasamal rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişi və Qərbi Azərbaycan mövzusunda tədbir keçirib.
"Unikal" xəbər verir ki, bununla əlaqədar Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümün həsr edilmiş “Qərbi Azərbaycana qayıdışın ideoloji əsasları:Heydər Əliyev irsində Qərbi Azərbaycan məsələsi” adlı tədbir baş tutub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər və ərazi bütövlüyümüz uğrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin zəngin siyasi irsinin gələcək nəsillərə çatdırmağın vacibliyindən danışıb. Sonra Ulu Öndərin ilk hakimiyyəti dövründəki fəaliyyətinə dair film nümayiş etdirilib.
Tədbirdə geniş nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 14 iyul 1969-cu il böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür. Elşad Həsənov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi dahiliyi ondan ibarət idi ki, o, bütün addımlarını Azərbaycanın gələcək uğurlarına hesablamışdı.
Belə ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün idarəçilik bacarığı, iradəsi və yüksək vətənpərvərliyi sayəsində çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Sovet dövründə Heydər Əliyev Azərbaycanda böyük işlər görmüşdü: yeni sənayeləşmə siyasəti, gənclər üçün kütləvi təhsil imkanlarının yaradılması, aqrar islahatlar və sairə. O zaman Sovet respublikaları arasında Azərbaycan inkişaf səviyyəsinə görə son yerlərdən ön sıralara keçməyə nail oldu.
Ulu Öndərin rəhbərliyinin ikinci dövründə isə tarixi hadisələr baş verdi. 90-cı illərin əvvəlini xatırlayanda, Azərbaycanın hansı fəlakətlə üzləşdiyini bir daha anlayırıq: bir tərəfdən erməni işğalçıları, digər tərəfdən daxili böhran Azərbaycan dövlətinin mövcudluğunu sual altına qoymuşdu. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev tarixi xilaskarlıq missiyasını öz üzərinə götürdü. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtardı.
İcra başçısı vurğuladı ki, bu gün Heydər Əliyevin ideyaları yaşayır. Onun siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün sahələrdə qətiyyətlə və uğurla davam etdirir. Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə işğalçı erməni ordusu üzərində Qarabağda tarixi qələbə bu siyasətin parlaq nümunəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Ulu Öndərin ideyaları hər birimiz üçün əzizdir. Bu gün ölkəmizdə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu fəaliyyət göstərir. Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən görülən işlər böyük miqyasdadır. Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondu Qarabağda tarixi abidələrimizin bərpasında böyük rol oynayır.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, Prezident İlham Əliyevin komandanlığı altında Qarabağın işğaldan azad edilməsi o torpaqlara yeni həyat qaytardı. Qarabağda görülən quruculuq işləri qərbi azərbaycanlılarda qayıdışa inam hisslərini gücləndirib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan İcmasının fəaliyyəti genişlənir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı ümidvar olduğunu bildirdi ki, sovet dönəmində Ulu Öndərin təşəbbüsü ilə Ağkilsə kəndində Aşıq Ələsgərə ucaldılan abidə və müasir dövrdə cənab Prezident İlham Əliyevin göstərişi ilə ustada Bakıda ucaldılan abidə tezliklə Qərbi Azərbaycanda bərpa ediləcək.
Daha sonra tədbirdə çıxış edən professor Misir Mərdanov,Milli Məclisin komitə sədrləri Musa Urud, Şahin İsmayılov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və digər natiqlər qeyd etdilər ki, Ulu Öndərin şəxsiyyəti o qədər nəhəngdir ki, onun tarixdəki rolunu təsvir etmək bir nəslin işi deyil. Natiqlər Ulu Öndərin tariximizdəki əvəzolunmaz rolu barədə öz fikirləri və şəxsi xatirələri, həmçinin Qərbi Azərbaycan icmasının fəaliyyətinə dair mülahizələri ilə bölüşdülər. Bu mövzuya həsr edilmiş “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı baş tutdu. “Qərbi Azərbaycan İrsi:Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi iştirakçıların böyük marağına səbəb oldu. Kitab Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılması faktlarını sənədləşdirərək, beynəlxalq hüquqa ünvanlanmış faktoloji bazanı gücləndirir. Bu cinayət aktları – yalnız mədəni vandalizm deyil, həm də bəşəri dəyərlərə qarşı yönəlmiş məqsədli siyasətdir. Prezident İlham Əliyev dəfələrlə bu məsələyə toxunaraq bildirmişdir ki, Azərbaycan heç vaxt bu faktları unutmayacaq və bu hüquqların bərpası üçün sonadək mübarizə aparacaq. Təqdim olunan kitab bu yolda elmi və hüquqi cəbhənin silahı rolunu oynayır. Tədbir iştirakçıları habelə Qərbi Azərbaycan mövzusuna həsr edilmiş video filmə baxış keçirdilər.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərmanlar və partiya biletləri təqdim edildi.