22 iyul 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Milli Mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

Unikal” xəbər verir ki,  tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev və Xoşqədəm Alıyeva, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-nin məsul şəxsləri, yerli icra nümayəndələri, media təmsilçiləri, yazıçılar, şairlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, daha sonra Ulu Öndər və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev iştirakçıları başçı Malik İsaqovun adından təbrik edərək, Milli Mətbuatın yaranmasının tarixi əhəmiyyətindən danışıb. O, qeyd edib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təməlini qoyub və cəhalətə qarşı maarifçi ideyaların carçısı olub.

 

Qubadlı RİH başçısının müavini Xoşqədəm Alıyeva çıxışında Prezident İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə Milli Mətbuatın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının mediyaya verilən yüksək dəyərin göstəricisi olduğunu vurğulayıb. O, həmçinin Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mətbuatın inkişafına verdiyi önəmi və bu sahədə həyata keçirilən islahatlardan danışıb.

 

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov çıxışında Vətən müharibəsində Azərbaycan mediasının informasiya cəbhəsindəki fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, media orqanları bu müddətdə həm daxildə, həm də beynəlxalq arenada Azərbaycanın haqq səsinin çatdırılmasında mühüm rol oynayıb.

 

“Sözün Sehri” qəzetinin redaktoru Xan Rəsuloğlu, digər çıxışçılar – Əvəz Həsənov, Nuriyyə Hüseynova, Çingiz Salmanov, Ədalət Əsədov, Mahir Sarıyev, Vahid Əlirzayev və Eldar Xanlaroğlu Azərbaycan milli mətbuatının keçdiyi tarixi yoldan bəhs ediblər. Onlar vurğulayıblar ki, bu tarix yalnız jurnalistikanın deyil, həm də maariflənmə və dövlət quruculuğu proseslərinin mühüm bir hissəsidir.

 

Tədbirin sonunda “Bərgüşad” qəzetinin baş redaktoru, “Sözün Sehri” qəzetinin təsisçisi, Prezident təqaüdçüsü və H.B.Zərdabi mükafatçısı Qafqaz Əvəzoğlu çıxış edərək, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlınskinin təbriklərini iştirakçılara çatdırıb. O, rəhbərlik etdiyi qəzetlərin dövlətçilik prinsiplərinə sadiq olduğunu və bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini qeyd edib. Prezident İlham Əliyevə və Qubadlı RİH başçısı Malik İsaqova mətbuata göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.