İsrailin Qəzzanı blokadaya alması nəticəsində yaranan aclıq böhranı 9 yaşlı Meryem Devvasın çəkisinin yarıdan çoxunu itirməsinə səbəb olub.

"Unikal" xəbər verir ki, Meryemin 33 yaşlı anası Müdellele Devvas qızının müharibə başlayandan bəri qida çatışmazlığından əziyyət çəkdiyini, lakin son vaxtlar sərhəd keçidlərinin bağlanması ilə problemin daha da kəskinləşdiyini bildirib.

Qızını çox xəstəxanalara apardığını, lakin heç bir nəticə görmədiyini bildirən çarəsiz ana, "Qızım davamlı olaraq arıqlayır. Müharibədən əvvəl 25 kilo idi, indi 10 kilo oldu. Cənub və şimalda bir çox xəstəxanalara apardım. Heç bir kömək olmadı", - deyib. 

Müdellele qızının depressiyaya düşdüyünü və əvvəlki kimi qaçıb oynamaq istədiyini, lakin tez yorulduğunu və yuxuya getdiyini açıqlayıb.

 İsrailin tətbiq etdiyi aclıq Qəzzada hər gün onlarla insanın həyatına son qoyur.  Qəzzada 93-ü uşaq olmaqla, aclıqdan ölənlərin sayı 180-ə yüksəlib.