Türkiyə və Gürcüstan regionda və onun hüdudlarından kənarda sülh, əməkdaşlıq və inkişafa töhfə vermək üçün birgə səylərini davam etdirəcəklər. Ölkələrimiz çiyin-çiyinə hərəkət edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 12-də Ankarada Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə birgə mətbuat konfransında bildirib.

Türkiyə liderinin sözlərinə görə, Ankara Tbilisi ilə iqtisadi əməkdaşlığı daha da genişləndirməyi və birgə ticarət dövriyyəsini ildə 5 milyard dollara çatdırmağı hədəfləyir.

“Bu gün Gürcüstanda 2 mindən çox türk şirkəti fəaliyyətini davam etdirir. Gürcüstan iqtisadiyyatına yatırılan türk sərmayələrinin həcmi 1,5 milyard dollara yaxınlaşıb. Türkiyəli podratçılar bu günə qədər Gürcüstanda ümumilikdə 5,5 milyard dollar dəyərində 300 layihə həyata keçirib”, - deyə Ərdoğan bildirib.

Eyni zamanda, o, Orta Dəhlizin ən mühüm halqası kimi Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusi əhəmiyyətini vurğulayıb. “Bu dəmir yolunun tam gücü ilə işə salınması bütün tərəflərin maraqlarına cavab verir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Ankaranın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair mövqeyinin möhkəmliyini söyləyib, həmçinin Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə dialoqun vacibliyini qeyd edib.

“Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli formatının mexanizmi regional sülhə və əməkdaşlığa mühüm töhfə verir”, - deyə Türkiyə lideri yaxın vaxtlarda Türkiyədə üç ölkənin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini bildirib.

“Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışından sonra Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin sədrlərinin görüşünü də planlaşdırırıq”, - deyə Ərdoğan əlavə edib.

*** 18:54

Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, parlament sədrləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

R.T.Ərdoğan, həmçinin qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli mexanizmi regional proseslərdə mühüm rol oynayır.