İlham Əliyev dünyaya səsləndi
18:13 05-05-2012
CƏMİYYƏT
İlham Əliyev dünyaya səsləndi
Azərbaycanın xarici siyasətində yeni mərhələ başlanır
Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb və prezident İlham Əliyev bu münasibətlə BMT-nin toplantısına qatılaraq çıxış edib.
Öncəliklə bunu qeyd edək ki, İlham Əliyevin BMT-də çıxışına etiraz olaraq ABŞ-dakı erməni lobbisi ciddi kampaniyaya start vermişdi və ABŞ mətbuatında bir sıra məqalələr dərc olunurdu. Bununla yanaşı, BMT qarşısında etiraz aksiyası təşkil edilməli idi. Amma erməni lobbisinin planları alt-üst oldu və heç bir əngəl yarada bilmədi.
Bunun başlıca səbəbi İlham Əliyevin ABŞ-a səfərindən öncə Azərbaycan diplomatiyasının aktivlik göstərməsi və Türkiyə ilə Azərbaycan diasporlarının ABŞ-ın vitse-prezidenti ilə görüş keçirməsi oldu.
İlham Əliyev səfər boyu bir sıra mühüm görüşlər keçirdikdən sonra BMT-də sədrlik missiyasını qəbul etdi. Bundan sonra isə gözlənilən çıxış edildi. Çıxışı ümumilikdə bir neçə hissəyə ayırmaq olar. Amma əsas hissə Dağlıq Qarabağ probleminə prezidentin yanaşması oldu.
"Azərbaycanla Ermənistan arasında davam edən silahlı münaqişə bölgədə və beynəlxalq aləmdə təhlükəsizliyə və sülhə təhlükə yaradır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan ərazilərinin beşdə birinin işğalı ilə nəticələnib, Azərbaycan vətəndaşlarının hər 9 nəfərindən biri məcburi köçkünə çevrilib".
Bu fikirlər çıxışdandır. Ermənistanın beynəlxalq cinayətlər törədərək Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürütdüyünü vurğulayan prezident bəyan edib ki, rəsmi İrəvan münaqişənin müvafiq həll variantını tapmaq əvəzinə hadisələri qızışdırmağa çalışır: "Davam edən siyasi cəhdlərə baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüququn pozulması halları artır, işğal olunmuş ərazilərdəki mövcud status-kvo pozulur, etnik təmizləmə siyasətinin nəticələri saxlanılır. Bütün bunlar münaqişənin sülh yolu ilə həllinə ciddi maneələr yaradır. Münaqişənin başlanmasından keçən dövr ərzində işğal olunmuş ərazilərdə məskunlaşma halları stimullaşdırılır".
İşğal olunmuş ərazilərdəki tarixi və mədəni abidələrin dağıdılmasına toxunan İlham Əliyev Ermənistanın məqsədinin Azərbaycan izləri daşıyan mədəni və tarixi kökləri məhv etmək olduğunu söyləyib: "İşğal olunmuş ərazilərdə heç bir Azərbaycan tarixi və mədəni abidəsi qalmayıb, heç bir müqəddəs yer vandalizmdən xilas ola bilməyib. Həmin ərazilərdə aparılan məskunlaşma, tarixi və mədəni abidələrin dağıdılması və başqa qeyri-qanuni əməllər oradan köçkün düşmüş insanların hüquqlarını pozur".
Prezident deyib ki, uzanan siyasi danışıqlar beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır: "Dağlıq Qarabağda və ətraf rayonlarda silahlı münaqişənin tezliklə həll olunması bizim üçün vacib məsələ olaraq qalır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri bölgəyə sülh və əmin-amanlıq gətirmək səylərini artırıblar.
Münaqişə ilə bağlı qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən təyin olunmuş vaxt ərzində çıxarılmasını tələb edir, bütün kommunikasiyaların bərpasını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılmasını, Dağlıq Qarabağın daxili muxtariyyət statusunun müəyyənləşdirilməsini və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Biz Dağlıq Qarabağın Azərbaycan daxilində yekun statusu ilə bağlı danışıqları davam etdirməyə hazırıq".
Çıxışdan da gördüyünüz kimi, prezident bir daha Dağlıq Qarabağ problemində Azərbaycanın mövqeyinin dəyişmədiyini göstərir və BMT qətnamələrinin icrasını istəyir.
Ekspertlər hesab edirlər ki, prezidentin çıxışında Dağlıq Qarabağ probleminə yanaşma bunu da sübut edir ki, Azərbaycan çox yaxın zamanlarda problemin BMT Təhlükəsizlik Şurasında müzakirəsinə start verəcək. Bu günə qədər bir neçə dəfə Azərbaycan buna cəhd etsə də, nəticə olmayıb. Çünki ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin BMT-də ki, nümayəndələri iddia edirdilər ki, BMT-nin məsələyə müdaxiləsi danışıqlar prosesini pozacaq. Amma prezident çıxışında bir məqama da aydınlıq gətirdi ki, ATƏT artıq durduğu yerdən qabağa gedə bilmir və əslində BMT-nin məsələyə müdaxiləsi prosesi hərəkətləndirə bilər.
Buna görə də ekspertlər hesab edirlər ki, qısa müddətdə Azərbaycan Dağlıq Qarabağ problemini BMT-nin gündəliyinə saldıra bilər. Çünki həm də Azərbaycan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və gündəliyə birbaşa təkliflər və düzəlişlər etmək imkanındadır.
Bunu da qeyd edək ki, son bir illik fəaliyyət nəticəsində Azərbaycan BMT-də kifayət qədər tərəfdaş dövlət tapa bildi və bunu TŞ-a seçkilər olan zaman gördük.
Azərbaycan Prezidenti İlham Əliyev bu il ölkəmizin BMT-yə üzv qəbul olunmasından 20 il ötdüyünü diqqətə çatdırıb. Bildirib ki, ötən il ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilib. Bir neçə gün bundan əvvəl isə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi qəbul edib. Verdikləri dəstəyə görə hamıya minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, 20 il əvvəl müstəqilliyini yenidən əldə edən Azərbaycan ötən dövrdə özünün siyasi sistemində böyük islahatlar həyata keçirib. Azərbaycan tolerant ölkə kimi bu gün dünyada mədəniyyətlərarası dialoqun həyata keçirilməsində mühüm rol oynayır.
Ölkənib iqtisadi sahədə əldə etdiyi uğurlardan da danışan Prezident İlham Əliyev bildirib ki, son illərdə Azərbaycanda ümumi daxili məhsul bir neçə dəfə artıb, yoxsulluğun səviyyəsi aşağı düşüb, iqtisadiyyatın şaxələnməsi prosesi uğurla həyata keçirilir. Bunu beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir.
ABŞ-Azərbaycan münasibətlərinə də toxunan Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, enerji təhlükəsizliyi sahəsində inkişaf etdiyini, ölkəmizin terrorizmə qarşı mübarizədə ABŞ-ın strateji tərəfdaşı olduğunu deyib.
Bir neçə ay bundan əvvəl beynəlxalq ictimaiyyətin Azərbaycana böyük etimad göstərərək BMT-nin Təhlükəsizlik Şurasına üzv seçdiyini deyən dövlətimizin başçısı bildirdi ki, ölkəmiz bu qurumun fəal və konstruktiv üzvü olmaqla qurumda hər zaman ədaləti, beynəlxalq hüququn normalarını və sülhü dəstəkləyəcək.
Bu məqamda maraqlı detal isə Azərbaycanın BMT-də tutacağı mövqeyə verilən aydınlıqdır. Qeyd edək ki, bu gün BMT-də Rusiya-Çin müttəfiqliyinin ABŞ-a, İsrailin İrana ziddiyyətli yanaşmaları var və BMT-in Təhlükəsizlik Şurasında bu açıq şəkildə təzahür edir. Hazırda ən ciddi məsələ İran mövzusudur. Çünki İsrail açıq şəkildə İrana hərbi müdaxilə tələb edir və yaxın vaxtlarda problem yenidən BMT TŞ-da müzakirəyə çıxarılacaq. Belə olan təqdirdə Azərbaycan üçün çətin anlar yaşanacaq. İran, yoxsa İsrail seçimi etmək məcburiyyəti ortadadır və bu seçim kifayət qədər ciddi problemlər yarada bilər.
Amma prezident İlham Əliyev çıxışında çox maraqlı bir yanaşma ortaya qoydu. Söhbət antiterror koalisiyasında ABŞ-la edilən müttəfiqlikdən gedir. Prezidentin bu çıxışından belə bir nəticə çıxartmaq olar ki, Azərbaycan İran məsələsində çalışacaq ki, maksimum dərəcədə ABŞ mövqeyinə yaxın mövqe sərgiləsin. Belə ki, ABŞ hazırda İrana hərbi müdaxiləni mümkünsüz sayır və hesab edir ki, danışıqlar prosesi davam etdirilməlidir. Bu mövqe isə Azərbaycanın maraqlarına cavab verir.
Beləliklə, hesab etmək olar ki, prezident İlham Əliyevin ABŞ səfəri və BMT-də ki, çıxışı kifayət qədər uğurlu hesab oluna bilər.
Ekspertlər hesab edirlər ki, Azərbaycan yaranmış bu vəziyyətdən maksimum dərəcədə bəhrələnməli və lobbiçilik işini genişləndirməlidir. Buna görə də BMT-dəki nümayəndə heyətinin daha da gücləndirilməsi vacib məsələdir. Prezident İlham Əliyev də bəyan etmişdi ki, artıq hücum diplomatiyasına keçid zamanıdır və bu gün bunun nəticələrini görürük.
Ekspertlər hesab edirlər ki, bu gün BMT-dəki fəaliyyətdə daxil olmaqla bir neçə istiqamətdə addımlar atılmalıdır. Bunlar nədən ibarətdir?
- Xocalı soyqırımı istiqamətdə addımların atılmasını intensivləşdirmək
- Lobbiçilik fəaliyyətini əsasən ABŞ-da formlaşdırmaq
- BMT-də ki, nüfuzdan yararlanaraq xarici siyasətdə müəyyən dəqiqləşdirmələri təmin etmək.
Mütəxəssislər hesab edirlər ki, Azərbaycan BMT-də ki, nüfuzunu daha da artırmaqla Şərq dövlətlərinin təmsilçisinə çevrilə bilər.
Bunu da vurğulayaq ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində məhz Şərq dövlətlərinin ciddi rolu oldu.
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00