Azərbaycan səhiyyəsinin ünvanına növbəti ağır ittiham
18:21 05-05-2012
CƏMİYYƏT
Azərbaycan səhiyyəsinin ünvanına növbəti ağır ittiham
Mərhum rejissorun oğlu: "Həkim "narahat olmayın" deyib, "başımızın altına yastıq qoymasaydı...""
Ötən ayın sonlarında Azərbaycanın tanınmış rejissoru Tariyel Vəliyev Kliniki Mərkəzdə dünyasını dəyişdi. Halbuki, həmin hadisədən bir neçə gün öncə ailəsi ilə əlaqə saxladığımız zamanı Tariyel müəllimin əməliyyat olunduğunu və özünü yaxşı hiss etdiyini demişdilər. Bəs nə baş verib? Tanınmış rejissorun səhhətinin birdən-birə pisləşməsinə və dünyasını dəyişməsinə nə səbəb olub?
Bu suallarla mərhum rejissorun oğlu, rejissor Vüqar Vəliyevə müraciət etdik (modern.az). Vüqar Vəliyev bizə bunları danışdı: "Tariyel müəllim Kliniki Tibbi Mərkəzdə bağırsaq keçməzliyindən əməliyyat olunmuşdu. Yəni həkimlərin versiyasına görə bağırsaqlar dolaşmışdı. Əslində yəqin ki, elə də var idi... Tariyel müəllimin son zamanlar bir balaca başgicəllənməsi və təzyiqi var idi. Biz çalışırdıq bunu aradan qaldıraq. Ona görə də bu istiqamətdə müayinə edib, ona müalicə yazdırmışdıq. Müalicəni də başlamışdı. Bu dərmanları atmağa başlayandan hardasa bir üç gün sonra mədəsində ağrılar başladı. Biz fikirləşdik ki, yəqin ki, dərmanlardandır. Həmin müalicəni yazan həkimlə də yenidən əlaqə saxladıq, o da dedi ki, dərmanlardan olmamalıdır. Amma gəlin bir az yüngülləşdirək və yaxud da dəyişdirək. Bu minvalla iki gün də itirdik. Sən demə problem başqa imiş. Tariyel müəllim də bəzi məqamları övladlarından gizləmişdi. Sonra görüb ki, yox, bu düzələsi deyil, dərdini qardaşına danışıb. Gediblər yaxınlıqdakı Diaqnostika Mərkəzinə, orda rentgen elətdiriblər. Orada deyiblər ki, təcili əməliyyat olunmalıdır. Onlar da məsləhət ediblər, aparıblar əhali arasında Semaşko xəstəxanası kimi tanınan Kliniki Tibbi Mərkəzə. Bu müddətdə mən işdə olmuşam. Xəstəxanada da bilmirəm, bunu qismət adlandırım, ya nə, bir "professor" adlandırılan Saday Əliyev adlı həkimə rast gəldik. O xəstəni qəbul elədi. Rentgen, UZİ edib bildirdi ki hal-hazırda əməliyyat olunmalıdır, yoxsa biz onu itirə bilərik. Həmin gecəylə də əməliyyat olundu, 9-dan 10-a keçən gecə. Səhər saat 6 radələrində əməliyyatdan çıxdı, bildirdi ki, əməliyyat uğurlu keçib. Dedi ki, qorxulu bir şey yoxdur, 1 gün qalsın reanimasiyada, sonrasına baxarıq. Elə də oldu, bir gün qaldı reanimasiyada sonra köçürdülər palataya, əhvalı da yaxşı idi. Köçürüldü palataya, palatada da yenidən analizlər, dərmanlar..."
Mərhum rejisssorun oğlu deyib ki, atası dörd gün palatada qalıb: "Hardasa dördüncü gün artıq hiss elədik ki, bunda nə isə dəyişkənlik var. Səhər həkiminə də deyilib ki, bir az qarın nahiyəsi şişdir. Həkim də qayıdıb ki, belə şeylər olur, narahat olmayın. Lakin həmin gecə halı pisləşib, təzyiqi qəflətən düşüb aşağı, səhər hardasa 8-9 radələrində onu həmin vəziyyətlə götürdülər reanimasiyaya. Reanimasiyaya götürüldüyünün günortası saat 5 ərəfələində həmin bu professor diaqnoz qoymuşdu. "Trambosid", səhv eləmirəmsə qanın laxtalanması. Məni çağırdı, dedi ki, gəl, öz dilindən ərizə yaz, yəni ki, həkimlərdən heç bir şikayətim yoxdur. Xəstəni götür apar, bu səhərə çıxmayacaq. Bundan sonra biz həyəcan təbili çaldıq. Əlavə bir reanimator çağırtdırdıq. Soraq elədik Neftçilər Xəstəxanasında bir həkim var, Eldar Əhmədov onu gətirdik. O gəldi gecəylə baxdı. Xəstəxanalarda da bir xəstəxanadan başqasına həkimin getməsinə icazə yoxdur. Baş həkimlərlə danışdıq, nəhayət ki, həmin həkim gəldi baxdı, dedi ki, o dərəcədə də qorxulu bir şey deyil. Sadəcə təzyiqi dayanmır, oynayır. "Dopamin" deyilən aparat var onunla saxlayırdılar təzyiqini. Dedi ki, baxın, mənim prosesi davam etdirməyimi istəyirsinizsə, gətirməlisiniz Neftçilər Xəstəxanasına. Əlbəttə mən istədim bunu edəm. Amma orda məsləhət görmədilər, dedilər, bu vəziyyətdə onun başqa xəstəxanaya köçürülməsi qəliz məsələdir. İki gün keçdi. Bəlkə qismət belə idi, amma nə isə... Qaldı. İndi mən ona peşmanam ki, kaş ki, aparaydıq onu başqa xəstəxanaya. Düzdü bilmirəm onda nə baş verəcəkdi, amma hər halda nigarançılıq üstümdən götürülərdi, ürəyim bir az sakit olardı ki, mən əlimdən gələni etdim.
"Konkret kimi günahlandırırsınız, nəticənin belə olmasında səbəbi nədə görürsünüz" sualına mərhumun oğlu belə cavab verib: "Birinci növbədə özümü günahlandırıram ki, yəqin bir övlad kimi əvvəlcədən lazımi diqqəti göstərməmişəm, nəyinsə qarşını almaq mümkün olub, bunu etməmişəm. Başqa səbəblərə gəlincə... Mən mütəxxəssislərlə söhbət elədim, araşdırma apardım, dedilər ki, nəyisə sübut etmək üçün rəhmətə gedən yarılmalı idi, dəqiqliklə hər bir şey ekspertiza tərəfindən müəyyənləşdirilməli idi. Yəni artıq gecdir. Amma yəqin ki heç o zaman da mən buna razılaşmayacaqdım. Çünki tam əminəm ki, Tariyel müəllim özü bunu istəməzdi. Özü heç vaxt heç kimdən nə şikayətçi olub, nə narazı olub, nə də istəməyib ki, ona görə kiməsə xələl gəlsin. Amma mütəxxəssislər də deyir ki, hər halda xəstədə yenidən vəziyyət pisləşəndən sonra o yarılmalı idi, baxılmalı idi ki, içəridə nə baş verir, niyə bu zəhərlənmə get-gedə azalmaqdansa, artır. Amma bir mənbədən də eşitdim ki, həmin bu professor bir dəfə əməliyyat edibsə, hətta səhv də edibsə, ikinci dəfə bunu eləmir, çünki öz səhvini üzə çıxartmaq fikrində deyil. Bəlkə də "narahat olmayın, belə şeylər olur" deyib, "başımızın altına yastıq qoymasaydı" hər şey başqa cür ola bilərdi? Axı bu insan taleyidir? Əvvəl "narahat olmayın" deyən həkim necə ola bilər cəmi bir gün sonra xəstənin adamlarına "götürün bunu aparın, bu sabaha çıxmayacaq" desin? Özü də bunu çox kobud formada desin?...
Mən şikayətçi deyiləm. Bəlkə də bunu edərdim, amma Tariyel müəllimin ruhuna xoş olsun deyə mən bunu eləmirəm. Sadəcə istəyirəm, çatdıram insanlara ki, xəstəxana və həkim seçərkən ehtiyatlı olsunlar..."
Sevda Cəlilli
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06