Zaqatalada əhali təşviş içində
12:58 08-05-2012
CƏMİYYƏT
Zaqatalada əhali təşviş içində
Rayonda ard-arda baş verən yeraltı təkanların Rusiyanın keçirdiyi yeraltı nüvə sınaqlarının nəticələri olacağı barədə şayələr yayılır
Dünən Zaqatala rayonunda 7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Zaqatala rayonunda qeydə alınıb. Sakinlərin verdiyi məlumata görə, yeraltı təkanlar dünən saat 09.39 radələrində hiss edilib.
Dağıntılar var
İlkin məlumata görə, təkanlar nəticəsində köhnə evlərdə çatlar əmələ gəlib. Zəlzələ əhali arasında böyük təşvişə səbəb olub. Rayon sakinləri evlərindən çıxaraq küçələrə axışıblar. Zaqatala rayon sakini Saşa Əli oğlu Abbasovun verdiyi məlumata görə, Qanaçı kəndi ərazisində təbii fəlakət ziyan vurub. Belə ki, adıçəkilən kənddəki evlərdən birində dağıntı qeydə alınıb. "Zəlzələ çox güclü idi. Az qala həyətdəki elektrik dirəyinin ustumuzden aşacaqdı. Bizim evin suvaqları qopub tökülüb. Qonşunun evində isə ziyan daha böyükdür".
Yeraltı təkanlar Şəki, Mingəçevir və Qax da də də hiss edilib. Sakinlərin verdiyi məlumata görə, mərkəzdə zəlzələ zamanı uğultu səsləri eşidilib. Ölən və xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.
Təcili müşavirə çağrılıb
Qeyd edək ki, Zaqatalada baş vermiş zəlzələ ilə bağlı rayon İcra Hakimiyyətində təcilli müşavirə keçirilib. İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov bildirib ki, müşavirədə lazımı tapşırıq və göstərişlər verilib.
E.Ramazanov deyib ki, zəlzələ nəticəsində bir sıra kəndlərdə və şəhər mərkəzindəki bəzi tikililərdə dağıntılar qeydə alınıb. Hazırda dağılmış evlər siyahıya alınır. İnsan itkisi və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Zaqatala rayon Aşağı Tala kənd sakinlərinin verdiyi xəbərə görə, kənddə fəaliyyət göstərən 3 saylı orta məktəbdə çatlar əmələ gəlib. Həmçinin orta məktəb binasının şüşələri qırılıb. Nəticədə bir neçə şagird xəsarət alıb.
Zaqatala Rayon İcra Hakimiyyətinin müavini Həmzə Suleymanov mətbuata açıqlamasında deyib ki, hazırda zəlzələnin fəsadları haqqında məlumatlar toplanır: "Fəsadlar istər rayon mərkəzini, istərsə də kəndləri əhatə edir. Bəzi yaşayış evlərinin divarları çöküb. İlkin məlumata görə, orta məktəb binalarında çatlar yaranıb, dağıntılar da olub. Xəsarət alanlar haqqında hələ ki, heç bir məlumat yoxdur".
Zaqatala Rayon İcra Hakimiyyəti qruplar yaradıb. Həmin qruplar zəlzələdən törənən problemlərlə tanış olur, protokol tətbiq edirlər. Hazırda məlumatlar dəqiqləşdirilir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elman Ramazanovun rəhbərliyi ilə fövqəladə hallar komissiyası zəlzələ ilə bağlı araşdırmaları davam etdirir.
Zaqatala bələdiyyəsinin sədri Vaqif Şabanov açıqlamasında bildirib ki, zəlzələ vaxtı rayonun Dombabinə kəndində bir nəfər pəncərədən özünü atıb. Həmin şəxsin qolu sınıb.
Hazırda Dombabinədə olduğunu bildirən Vaqif Şabanovun sözlərinə görə, burada qəzalı vəziyyətdə olan evlərdən biri zəlzələdən sonra çöküb: "Bəzi başqa yaşayış binalarının divarlarında çatlar yaranıb".
Bələdiyyə sədri deyib ki, rayon mərkəzində də təhlükəli vəziyyət yaranıb: "Aşağı Tala, Çobankol və Muxax kəndlərində dağıntıların çox olduğu barədə məlumatlar almışıq. Hazırda məlumatlar dəqiqləşdirilir".
Zəlzələlər
dayanmaq bilmir
AMEA Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbayacanda baş verən zəlzələ barəsində rəsmi məlumat yayıb. Məlumata görə, zəlzələ Zaqatala rayonunda qeydə alınıb. Maqnitudası 5.5 olan zəlzələ yerli vaxtla saat 09:40-da, Zaqatala rayonundan 17 km cənubi-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.
Zaqatala rayonu ərazisində dünən həmçinin 4-cü zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, maqnitudası 4.00 olan zəlzələ 10 km dərinlikdə olub. Yeraltı təkanlar yerli vaxtla saat 13:36-da, Zaqatala rayonundan 18 km cənubi-şərqdə zəlzələ qeydə alınıb. Zaqatalada 4.0 , Qax, Oğuz, Şəki rayonlarında 2.0-3.0 bal gücündə hiss olunub. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur. Xatırladaq ki, yeraltı bu gün Zaqatalada qeydə alınan sayca dördüncü zəlzələdir.
Aeroport öz işindədir
Zaqatalada baş vermiş zəlzələ beynəlxalq hava limanının fəaliyyətinə təsir göstərməyib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
Onun sözlərinə görə, baş vermiş zəlzələ Zaqatala aeroportunun binasına ciddi təsir etməyib: "Zəlzələ nəticəsində aeroport binasının bəzi yerlərində suvaq çatlayaraq tökülüb, 3 elektron qapı sıradan çıxıb, xəsarət alan olmayıb. Hava nəqliyyatının hərəkətini tənzimləyən dispetçer binası və uçuş-enmə zolaqları təsirsiz ötüşüb və aeroport təyyarələri qəbul etmək və yola salmağa hazırdır. Bugünkü Bakı-Zaqatala-Bakı aviareysi adi qaydada yerinə yetiriləcək".
Qeyd edək ki, Bakıdan Zaqatalaya uçuşlar hər həftənin I və V günləri saat 15:00-da yerinə yetirilir.
Gürcüstan da silkələndi
Dünən yerli vaxtla saat 08.40-da Gürcüstanda zəlzələ baş verib. Zəlzələ azərbaycanlıların kompakt yaşadığı bölgələrdə daha çox hiss edilib. Təkanlar 3 dəfə təkrarlanıb. Dağıntı və tələfat qeydə alınmayıb.
Eyni zamanda, Tovuzda da zəlzələ hiss olunub. Rayondan verilən məlumata görə, bir çox kəndlərdə silkələnmə o hədəd çatıb ki, binaların şüşələri belə qırılıb. Rayonda əhali təşviş içində olsa da, yerli qurumlar bu streotipi aradan qaldırmağa çalışırlar.
Seysmoloqlar
səbəbi
dağəmələgəlmədə
görürlər
Bildirək ki, AMEA Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda baş verən zəlzələ ilə bağlı açıqlama yayıb. Həmin məlumatda vurğulanır ki, yeraltı təkanlar yerli vaxtla saat 09:40-da baş verib. 10 km dərinlikdə qeydə alınan zəlzələnin maqnitudası 5.50 olub. Zəlzələ Zaqatala rayonundan 17 km cənubi-qərbdə qeydə alınıb. Zəlzələ Zaqatala və Qaxda 7-bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasinda hiss olunub. Tikililərdə dağıntı var. İnsan təlafatı yoxdur.
Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə bildirib ki, dünən baş verən zəlzələ güclü zəlzələdir. "Avtoşoklar davam edir, enerji boşalmaq üzrədir".
O, birinci təkandan daha güclü təkan ola bilməyəcəyini düşündüyünü deyib.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun elmi məsələlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayev isə açıqlamasında deyib ki, dünən Azərbaycanın şimal-qərb bölgəsində 7 bal gücündə hiss edilmiş zəlzələ aktiv dağ əmələgəlmə prosesi səbəbindən baş verib. Onun sözlərinə görə, ərazi aktiv seysmoloji zonaya daxildir və bu cür titrəyişlərin hiss edilməsi normaldır. Azay Rzayev zəlzələnin Yerin təbii peyki olan Ayın planetə bir neçə kilometr məsafə yaxınlaşması ilə əlaqədar olub-olmadığının elmi araşdırmaların sonunda müəyyənləşəcəyini də bildirib.
Kəmaləddin Heydərov
zəlzələ bölgəsinə gedib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ baş verən regiona gedib. Bu barədə məlumat FHN-nin rəsmi saytında yer alıb.
Tələfat, xəsarət alanlar və dağıntı barədə məlumat verilmir. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunub.
O, açıqlamasında deyib ki, hazırda Zaqatala rayonundadır: "Rayon mərkəzinə baxış keçirdikdən sonra indi kəndlərə gedirik. Rayonda zəlzələ nəticəsində insan itkisi olmayıb, ağır xəsarət alan da yoxdur".
Nazir bildirib ki, bir neçə kənddə köhnə tikintilərə zərər dəyib, bəzi evlərdə çatlar əmələ gəlib: "İstər rayon mərkəzində, istərsə də kəndlərdə xüsusi dağıntılar, kütləvi şəkildə evlərin uçması və s. hadisələr baş verməyib. Hazırda zərər çəkmiş tikililərin qeydiyyatı aparılır. Bu cür tikililərin sayı və dəymiş ziyan müəyyənləşdirildikdən sonra bu barədə ətraflı məlumat veriləcək".
K. Heydərov hazırda Zaqatala və ətraf rayonlarda heç bir problem, təşvişə səbəb olacaq halın baş vermədiyini bildirib: "Rayonlarda əhali gündəlik həyat tərzini davam etdirir, bütün infrastruktur tam gücü ilə işləyir".
O da bildirilir ki, FHN-nin aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunub.
Zəlzələ ilə bağlı
qəribə şayə
Zaqatalada baş verən dəhşətli zəlzələ ilə bağlı rayonda qəribə bir şayə yaranıb. Rayon sakinləri deyirlər ki, yeraltı təkanlar təbii deyil, süni xarakterilidir. Belə ki, onlar titrəyişlərin səbəbini Rusiyada həyata keçirilmiş yeraltı nüvə sınaqları ilə izah etməyə çalışırlar.
Şayələrdən biri belədir ki, Rusiya sərhəddə yaxın ərazidə yeraltı sınaqlar həyata keçirib. Həmin sınaqla nəticəsində meydana gələn güclü səs dalğaları Azərbaycan əraziləri istiqamətində yönəldilib. Elə buna görə də, titrəyişlərin həddi 7 bala qədər yüksəlib.
Qeyd edək ki, həqiqətən də dünya praktikasında tektonik silahla bağlı bu tip fikirlər var. ABŞ və Rusiyanın illərdən bəri apardıqları araşdırma nəticəsində hazırlanmış həmin silahın əsas gücü onun yeraltı təkanlar yarada bilmə qabiliyyətinə malik olmasıdır. Bununla bağlı yayılmış, amma təsdiq olunmayan məlumatlarda vurğulanır ki, tektonik silahlar yerin altındakı süxurların yerini dəyişməsi və güclü səs dalğasının yönəldilməsi yolu ilə zəlzələlər yaradır. Elə Zaqatalada yayılan şayənin də mənşəyi kimi bu məlumatları göstərmək mümkündür.
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22