Ermənistanda hakimiyyət qələbə qazandı
13:00 08-05-2012
CƏMİYYƏT
Ermənistanda hakimiyyət qələbə qazandı
Ölkənin əksər bölgələrində səslər pulla alınıb
Ermənistanda parlament seçkiləri sona çatdı. Amma gözləntilər tam əksinə oldu. Belə ki, 1982 seçki məntəqəsindən 1791-nin nəticələrinə əsasən Respublika Partiyası 44,2% səs toplayıb. İkinci sırada 30,32% səslə "Çiçəklənən Ermənistan" Partiyası gəlir. Müxalifətin geniş koalisiyasını birləşdirən Erməni Milli Konqresinə 7,2% səs yazılıb. Daşnaklar 5,66% səs alıb.
Qeyd edək ki, proporsional sistem üzrə parlamentə keçə bilmək üçün minimum 7% səs tələb olunur.
Halbuki əksəriyyət ümid edirdi ki, bu seçkilərdə müxalifət qələbəsini təmin edə biləcək. Həqiqətən də, ölkədə əhalinin durumu kifayət qədər ağırdır və rəy sorğuları təsdiqləyirdi ki, müxalifət seçicilərin 50 faizdən çoxunun səsini qazana biləcək. Amma əksinə oldu?
Maraqlıdır, bunun başlıca səbəbi nə oldu?
Kapital qalib gəldi
Aydın oldu ki, bu seçkilərdə də əsas güc kapitala sahib olan tərəfdədir. Elementar faktlara baxaq. Ermənistanın əksər bölgələrində səslər pulla alındı. Məsələn, Qeqarkunik vilayətində hakim Respublika Partiyası hər seçiciyə 38 dollar, "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" partiyaları isə 25 dollar rüşvət verib.
14 saylı seçki dairəsində deputatlığa namizədlər seçicilərə rüşvət vermək üçün açıq hərrac keçiriblər. Eyni koalisiyada təmsil olunan iki partiyanın öz seçicilərinə eyni miqdarda - 25 dollar rüşvət təklif etməsi seçiciləri çaşdırıb. Pul alan seçicilər hansı namizədə səs verəcəklərini müəyyənləşdirməkdə çətinlik çəkiblər. 11 saylı seçki dairəsində isə namizədlərdən biri rəqibini üstələyərək hər seçiciyə verilən rüşvətin miqdarını 12 min drama (30$) qaldırıb. Rəqib partiyaların namizədləri səsvermə məntəqəsi qarşısına toplaşmış seçicilərin dəstəyini itirdiklərini anlayaraq qiyməti 15 min drama (38$) qaldırıblar.
Helsinki Vətəndaş Assambleyasının Vandzor Ofisinə seçicilərə məntəqələrdə pul təklif edilməsi ilə bağlı çoxsaylı məlumatlar daxil olub.
Ermənistanda keçirilmiş parlament seçkilərində qeydə alınan digər kütləvi qanun pozuntusu vətəndaşın vəsiqəsinə səs verdiyi barədə xüsusi möhür vurulması ilə bağlı olub. Məsələn, 10 saylı seçki dairəsinin 1 saylı məntəqəsində vəsiqələrə möhür vurulsa da, mürəkkəb 15 dəqiqə sonra buxarlanaraq yoxa çıxıb və bundan istifadə edən seçicilər başqa məntəqələrdə təkrar səs veriblər. Müxalifət bir seçicinin bir neçə dəfə səs verməsinə şərait yaradan bu addımı hakimiyyətin seçkilərin nəticələrini kütləvi şəkildə saxtalaşdırmaq cəhdi kimi dəyərləndirib.
Bununla da aydın oldu ki, əksər postsovet ölkələrində olduğu kimi, Ermənistanda da pul əsas rol oynamaq iqtidarındadır. Ermənistanda müxalifətin məğlub olmasının ikinci və əsas səbəbi isə keçmiş prezident Robert Köçəryan oldu.
Siyasi tələ
Hələ seçkilərə bir neçə ay qalmış hakimiyyətlə müxalifət arasında ciddi uçurum yaranmışdı və hakimiyyətdən narazılar avtomatik olaraq müxalifətin düşərgəsinə üz tutmuşdu. Bu səbəbdən müxalifətin vahid lideri Ter-Petrosiyan psixoloji üstünlük qazana bilmişdi. Amma seçkilərə az vaxt qalmış hakimiyyət Ermənistan cəmiyyətini sözün həqiqi mənasında siyasi tora sala bildi. Belə ki hakim Respublika Partiyası ilə koalisiya quran və Robert Köçəryanın rəhbəri olduğu Çiçəklənən Ermənistan Partiyası müxalifət mövqeli çıxışlarını artırdı. Partiyanın əsas simalarından olan keçmiş xarici işlər naziri Vardan Oskanyan hətta Ter-Petrosyandan da sərt çıxışlarla yadda qaldı. Bunun nəticəsi olaraq müxalifətə meyllənən müəyyən qüvvələr yenidən Çiçəklənən Ermənistan Partiyasına maraq göstərdilər.
Eyni zamanda Robert Köçəryan Daşnaksütyun Partiyasını da yenidən nəzarətə götürdü və bu da müxalifətin sosial bazasına ciddi zərbə vurdu. Bütün bunlar isə, sözsüz ki, seçkilərin nəticələrinə ciddi şəkildə təsir etdi.
Qarabağ oyunu
Müxalifətin çətin duruma düşməsinin başqa bir səbəbi isə hakimiyyətin yenə də Dağlıq Qarabağ kartından istifadə etməsi oldu. Bu gün Ermənistanda istər prezidentin, istərsə də Robert Köçəryanın rəhbəri olduğu partiyalar müharibə partiyaları hesab edilir və cəmiyyətdə onlara inam daha çoxdur. Çünki müxalifətin vahid namizədi olan Ter-Petrosyan prezident olduğu zaman Azərbaycanla razılığa gəlməyə çox yaxın idi və onun bu hərəkəti sadə kütlə tərəfindən xəyanət kimi dəyərləndirilirdi. Məhz buna görə də həmin zaman Robert Köçəryan rahatlıqla hakimiyyəti Ter-Petrosyandan ala bildi. Bu günün özündə də Ter-Petrosyan bu ovqatı dəyişə bilməyib və belə bir təsəvvür var ki, o yenə də Dağlıq Qarabağ problemində güzəştə gedə bilər.
Qərb xəyanəti
Ermənistan müxalifətinin qalib gələ bilməməsinin başqa bir səbəbi isə Qərbin ikibaşlı oyunu oldu. Öncələr müxalifətə dəstək verən Avropa seçkilərə az vaxt qalmış hakimiyyətə dəstək verdi və müxalifət yarı yolda qaldı. Məhz bundan sonra Ter-Petrosyan açıq şəkildə bəyanat verdi ki, bu gün Avropa Ermənistan hakimiyyətinin maraqlarına uyğun hərəkət edir. Avropanın belə bir addım atması isə, sözsüz ki, erməni lobbisinin dəstəyi ilə oldu.
Qeyd edək ki, bu məsələdə Rusiya ilə Avropanın maraqları üst-üstə düşdü. Rusiyada Ter-Petrosyanın yox, hakimiyyətin qalib gəlməsində maraqlı tərəf kimi çıxış etdi və müxalifət meydanda tək qaldı.
Maraqlıdır, bəs bundan sonra Ermənistan siyasətində nələrin şahidi olacağıq?
Daha da pisləşən durum
Ekspertlər hesab edirlər ki, bu seçkilərdə hakim partiyanın qələbəsi o deməkdir ki, Ermənistanda durum daha da pisləşəcək. Bunun isə bir neçə səbəbi var. İlk növbə də ona görə ki, korrupsiyalaşan hakimiyyət bir daha nümayiş etdirdi ki, artıq geriyə yol tanımır və hakimiyyəti saxlamaq üçün korrupsiyanın gücünü daha da artırmalıdır. Çünki Ermənistan iqtisadiyyatı bu gün çöküb və hakimiyyəti saxlamaq üçün korrupsiyanı saxlamaqdan başqa çıxış yolu yoxdur. Bununla yanaşı seçkilər bunu da sübut etdi ki, bir ildən sonra Ermənistanda prezident seçkiləri uğrunda ciddi mübarizə olacaq və hakimiyyətdaxili qruplaşmaların ciddi toqquşmaları olacaq. Belə ki, son seçkilərdə açıq şəkildə ortaya ziddiyyətlər çıxdı. Hakim koalisiyada yer alan Respublika Partiyası ilə Çiçəklənən Ermənistan Partiyası arasında ixtilaf vardı və yaxın aylarda bu gərginlik daha da artacaq.
Hazırkı Ermənistan prezidenti Serj Sərkisyan Respublika Partiyasının lideridir, keçmiş prezident Robert Köçəryan isə qeyri-rəsmi şəkildə Çiçəklənən Ermənistan Partiyasına nəzarət edir. Gələn il Ermənistanda prezident seçkisidir və artıq Köçəryan öz iddialarını ortaya qoymağa başlayıb. O, keçmiş silahdaşı Sərkisyanın növbəti dəfə prezident olmasını istəmir, Putin kimi yenidən hakimiyyətə qayıtmaq həvəsindədir. Bu məsələdə ona Putinin də dəstəyi var.
Köçəryan bir neçə il prosesləri kənardan izləyəndən sonra proseslərə aktiv qoşuldu və Serj Sərkisyana ciddi mesaj yolladı.
O, müsahibəsində açıq söyləyib ki, Ermənistanda iqtisadi vəziyyət ağırlaşıb və insanlar bunu gündəlik həyatda hiss edirlər.
Köçəryan ictimaiyyətdə apatiyanın yarandığını və narazılığın artdığını da sözlərinə əlavə edib. Beləliklə, onun bu açıqlamasının qatı müxalifətçi Levon Ter-Petrosyanın tənqidindən heç bir fərqi yoxdur.
Ekspertlər hesab edirlər ki, hazırda Köçəryan Sərkisyanı zəiflətmək yollarını araşdırır.
Çiçəklənən Ermənistan Partiyası özünü hakim koalisiyanın üzvü kimi aparmır. Hesab edilir ki, son seçkilərdə bu da aydın oldu ki, Robert Köçəryan qarşıdan gələn prezident seçkilərində qələbəsini artıq təmin etmək üzrədir. Belə ki son seçkilərdə onun nəzarətində olan partiya hakim partiyadan 12 fazilik az səslə ikinci oldu. Bununla yanaşı seçkilərdə Robert Köçəryana yaxınlığı ilə seçilən Daşnaksütyun partiyası da 6 faizə qədər səs topladı. Deməli, bu 6 faizi də Robert Köçəryanın aktivinə yazsaq, o indiki hakimiyyətdən 5-6 faiz az səs toplayıb. Amma bu hələ bu gündür. Hazırda Serj Sərkisyan hakimiyyətdədir və daha çox məsuliyyət daşıyır. Bu isə o deməkdir ki, o daha çox səs itirməyə məhkumdur. Bundan başqa prezident seçkilərində Rusiya Robert Köçəryanın yanında duracaq. Bu da Serj Sərkisyan üçün ağır zərbədir.
Nəhayət, bunu da qeyd edək ki, hazırda Ermənistanın biznes mühitinə Serj Sərkisyandan çox Robert Köçəryan nəzarət edir. Bu isə qələbənin təmin olunması üçün əsas amildir.
Sonda bunu da nəzərinizə çatdıraq ki, qarşıdakı müddətdə müxalifətin də parçalanacağı və səslərin Robert Köçəryana yönələcəyi proqnozlaşdırılır.
Hesab edilir ki, Ter-Petrosyanın sağlıq durumu imkan vermir ki, o prezident seçkilərinə tam gücü ilə getsin. Belə olan halda ortaya aşağıdakı nəticə çıxır. Ermənistan yenidən 5 il öncəki vəziyyətinə qayıdır. Bu qayıdışı dayandıracaq güc isə görünmür.
Eldəniz Elgün
[email protected]
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22