Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq vəzifəli şəxsləri ilə bağlı cinayət işinin istintaqı yekunlaşmaq üzrədir.
Unikal.org-un Trend-ə istinadən məlumatına görə, avqustun 8-də Baş İdarənin cinayət işi ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasına göndərdiyi mühasibatlıq ekspertizasının rəyi istintaqa təqdim edilib. Ekspertiza rəyi bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslərə təqdim edilib. Məlumata görə, yaxın günlərdə iş üzrə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, istintaq dövründə təqsirləndirilən şəxslər barədə həbs qərarının müddəti bir-neçə dəfə artırılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.