Çimərliyə getdilər, pulları qurtardı, qadını soydular
Çimərlikdə istirahət edən qadının çantasını oğurlayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan biri 19 yaşlı oğlan, 3-ü isə yeniyetmədir.
Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş avqust ayının 4-də rayonun Novxanı qəsəbəsində yerləşən çimərlikdə istirahət edərkən ona məxsus çantanın naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Çantanın içərisində 48 manat pul və 2 ədəd mobil telefon olub.
Rayon polis idarəsinin əməliyyatçılarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 19 yaşlı Mirhikmət Həmidov və yeniyetmə olan 3 şəxs saxlanılaraq idarəyə gətiriliblər. İdarədə dindirilən şəxslər törətdikləri cinayəti səmimi etiraf ediblər.
Mirhikmətin sözlərinə görə, o və 3 məhəllə uşagı sərinləmək üçün çimərliyə gediblər. Lakin istirahətin sonunda pulları qurtardığı üçün oğurluğa əl atmaq qərarına gəliblər. Elə buna görə də qadına məxsus çantanı gizlicə götürüblər.
Mirhikmət Həmidov - saxlanılan şəxs: "Mənə dedi ki, plan qurub, bu çantanı götürmək istəyirəm. Yalandan bir az fırlandı. Çantanı qoydum onun yanına, dedim ki, mən gedirəm. Sonra o, dalımca gəldi, çantanı açdı, 48 manat pul, 1 dənə "S3", 1 dənə "S4", vəssalam".
Pulları öz aralarında xərcləsələr də, tutduqları əməlin nəticələrindən qorxaraq telefonlardan birini sındırıb, digərini isə tullayıblar.
Artıq saxlanılan şəxslərin barəsində Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.