Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətovun iştirakı ilə törədilən cinayətin bəzi təfərrüatları məlum olub.
Unikal.org xəbər verir ki, "Reportun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, müəyyən edilib ki, Elmir Alxazov, Ramil Əsirov, qardaşı Elnur Əsirov, Fuad Məmmədzadə, Abbas Hümmətov ilə birlikdə 2013-cü ilin fevral və mart aylarında C.Alxazovun yaşadığı həyət evində marixuana əkib-becərmək barədə razılağa gəliblər. 

F.Məmmədzadə bu məqsədlə internet vasitəsi ilə Hollandiya və İngiltərədən marixuana toxumu sifariş verib. O, 25 ədəd dibçək və torf əldə etdikdən sonra həmin dibçəkləri C.Alxazovun evinə gətirib, otağın birində əkib-beçərməyə başlayıbar. Bir müddət sonra onlar Elnur Hümmətovun narkotik vasitələrin əkib-becərilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verəcəyindən şübhələnərək onu qətlə yetirmək qərarına gəliblər.


F.Məmmədzadə A.Hümmətov, R.Əsirov və E.Alxazovla birlikdə Elnur Hümmətovu marixuana əkib-becərdikləri evə gətiriblər. Elmir Alxazov onunla söhbət edərkən aralarında mübahizə baş verib. O, E.Hümmətovu yerə yıxıb, F.Məmmədzadə və R.Əsirov Elnurun əl və ayaqlarını tutaraq əvvəl balış, sonra isə əlləri ilə onu boğublar. 

Daha sonra onun meyitini sellofan torbaya qoyub yapışqan lentlə bağlayıblar və həmin evin həyətində torpağı üç metr dərinliyində qazaraq orada basdırıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumatda bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.
Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.

Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və E.Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.

Qeyd edilən fakta bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.
Tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.