Rusiyanın Murmansk vilayətində federal axtarışda olan 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Fəttayev Seymur Mirno oğlu saxlanılıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional bürosunun mətbuat xidməti məlumat yayıb.

Seymur Fəttayev federal axtarışa 2013-cü ildə verilib. O, Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.

İstintaqın fərziyyəsinə görə, Azərbaycan vətəndaşı mütəşəkkil cinayətkar qrupun tərkibində xüsusi iri həcmdə narkotik maddənin - 3,475 kq. heroinin satışında iştirak edib.

Murmansk şəhəri Oktyabrsk rayon məhkəməsinin qərarı ilə Seymur Fəttayev barəsində həbs qətimkan tədbiri seçilib. Yaxın vaxtlarda onun cinayət işi çərçivəsində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi üçün Çita şəhərinə göndəriləcəyi gözlənilir.