Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
Şahid Əli Məmmədov ifadəsində Saray qəsəbəsindən 6 min manata torpaq aldığını deyib. O bildirib ki, torpağın sənədləşməsi ilə bağlı müəyyən gecikmə olsa da, bu, sonradan həll olunub.
Namiq Həsənov isə bildirib ki, torpaq almaq üçün bələdiyyə sədri Vəsilə Əbilhəsənovaya 56 min manat versə də, hələ də ona torpaq sahəsi verilməyib.
Prosesdə Fədail Hüseynovun qohumu, bələdiyyədə tikinti şöbəsinin müdiri olan Seymur Məmmədov da ifadə verib. S. Məmmədov qeyd edib ki, özünə torpaq sahəsi almaq üçün V. Əbilhəsənivaya 42 min 500 manat verib.
Sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib.
Dövlət ittihamçısı Fərid Nağıyev çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi sentyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov "Azərbaycan Polad İstehsalı Kompleksi QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.
Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən F. Hüseynov saxlanılıb.