Qurban Bayramının ilk gününü Azərbaycan futbolu xoş xəbərlərdən biri ilə açdı. Belə ki, qapıçı Kamran Ağayev Portuqaliyanın 113 illik tarixə malik klubu - "Boavişta" ilə müqavilə bağladı.
Unikal.org bildirir ki, Qaynarinfo.Az bu keçidin detalları haqda bəzi məlumatlara yiyələnib. Məlum olduğu kimi, transfer AFFA xətti ilə baş tutub. Çünki millimizin bir digər üzvü Emin Mahmudovun da "Boavişta"ya keçidini təmin edən AFFA-nın bu klubla münasibətləri əla olub və bu münasibətlərdən ali futbol qurumumuz səmərəli faydalanıb.
"Boavişta" "transfer pəncərəsi"nin bağlanmasının son günlərində əsas qapıçısı Mikanı İngiltərənin "Sanderlend" klubuna yola saldığından, bu komandaya qolkiper lazım idi. Komandada gənc qapıçılar - Fabio Meskita, Mikael Meyra və seneqallı Mamadu Ba olsa da, "Boavişta" təcili qapıçı axtarışlarına start verib. Belədə AFFA Türkiyənin "Kayserispor" və "Karşıyaka" klublarındakı legioner həyatından sonra ölkə xaricində çıxış etmək istəyən Kamranı "dama-dama"lı olan komandanın rəhbərliyinə təklif edib.
"Boavişta" rəhbərliyi dünya çempionatının seçmə mərhələsinin 2012-ci ildə Braqa şəhərində keçirilmiş Portuqaliya - Azərbaycan oyununda 62-ci dəqiqəyədək komandasının qapısını toxunulmaz saxlamış Kamran Ağayevi yaxşı tanıdığından və onun yenə də əsas millidə çıxış etməsini nəzərə aldığından, bu transferə "hə" deyib. Bu yerdə onu da qeyd edək ki, "Sumqayıt" klubunda çıxış edən millimizin qapıçısı sərbəst futbolçu statusunda Portu şəhərini təmsil edən komandaya transfer olunub. Yəni bu transferə görə "Sumqayıt"a qara qəpik də ödənməyib. Əslində ödənə də bilməzdi. Çünki artıq "transfer pəncərəsi" bağlanmışdı. Yalnız bu transfer üçün futbolçu azad agent statusuna malik olmalı idi.
Artıq Kamran Ağayev "1 il + 1 il" şərti ilə müqavilə bağlayıb. Emin Mahmudov hələ ki yeni komandasında debüt edə bilməsə də, Kamranın növbəti turda meydanda olacağı real görünür. Çünki Mamadu Ba lider "Sportinq"lə Lissabon səfərində 3 top buraxıb və həmin qollarda səhvlərinin olduğunu görünür.
3 gün sonra Kamran Ağayevi yerli azarkeşlər önündə "Estadiu du Bessa"da "Feyrense" ilə matç gözləyir. Hansı ki rəqib "Boavişta"dan 1 xal və 1 pillə (X yer) öndədir. Ümid edək ki, Kamran məhz bu vacib görüşdə meydanda olacaq. Sonda sizə 4 il əvvəlki Portuqaliya - Azərbaycan oyununun icmalını təqdim edirik.