UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun "Anderlext (Belçika) - "Qəbələ oyunundan (3:1) sonra "qırmızı-qaraların baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
Unikal.org xəbər verir ki, ukraynalı mütəxəssis ilk öncə rəqibi qalib gəlmələri münasibətilə təbrik edərək deyib: "Belçika klubu qanunauyğun qələbə qazandı. "Anderlext bizdən güclü idi. Hər şey oyuna görə oldu. Rəqib bütün oyun komponentlərində bizdən güclü idi.
Bu qələbə tam düzgün idi. Bizim oyun üslubu hücum futbolundan ibarətdir. Hücumda olmaq, oyunu idarə etmək istəyirik. Belə oynamaq bizim istəyimizdir. Lakin rəqib bizdən üstün olduğu üçün istədiyimizi - öz futbolumuzu göstərə bilmədik. Üslubu dəyişmək, qapanmaq istəməzdik. Növbəti matçlarda, o cümlədən "Anderlextlə ikinci matçda da öz futbolumuzu göstərməyə çalışacağıq".
O, ümid edir ki, komandabu yolla inkişaf edəcək:"Paralel olaraq çempionat və avrokuboklarda oynayacağıq. "Maynsla növbəti matçı evdə keçirəcəyik. Həmin qarşılaşmada azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirmək istəyirik.
"Anderlexti digər rəqiblərimizlə müqayisə edə bilmərəm. Bu, həmin komandaların təhlilindən sonra mümkündür. Oyunçularıma demişdim ki, "Anderlextin aşkar zəif yeri yoxdur. Müəyyən çatışmazlıqlar var. Lakin müdafiə və hücumda böyük boşluqlar tapmaq həqiqətən də çətin idi.
Bu matç iki həftə əvvəl olsaydı, rəqibin oyununda boşluq tapa bilərdik. Lakin son çempionat görüşündə də onlar göstərdi ki, heyət tam formalaşıb. Buna əsasən biz öncədən rəqibin heyətini də, necə oynayacağına da bilirdik. Cəmi 2-3 həftə əvvəlki "Anderlext indikindən zəif idi.