Bu gün səhər saatlarında Bakı metrosunun "Koroğlu" stansiyasında özünü qatarın altına atan şəxs xəstəxanada müayinə olunub. Özünü qatarın altına atsa da xoşbəxtlik nəticəsində sağ qalan 65 yaşlı Nəsir Əhmədov Travmatologiya İnstitutuna yerləşdirilib və onun həyatı üçün təhlükənin olmadığı məlum olub.
Unikal.org xəbər verir ki, N.Əhmədovun həyat yoldaşı Yaqut Əhmədova lent.az-a açıqlamasında deyib ki, son vaxtlar ailədə ciddi maddi problemlər olub. Əvvəllər gülçülüklə məşğul olan Nəsir Əhmədov xeyli vaxtdır ki, işsizdir: "Hər gün səhər yuxudan duranda bizi də oyadardı. Bu gün dərdli-sərli çıxıb evdən, xəbərimiz olmayıb. Sonradan bildik ki, özünə nə isə edib".
Y.Əhmədova əlavə edib ki, bir müddət əvvəl qızlarını gəlin köçürüblər. Həmin vaxtdan onların borcu yaranıb: "Borcumuz əsas mebelə görədir. Neçə vaxtdır zəng edirlər. Heç olmasa 500 manat olsaydı, borcun üstündən verərdik. Bu gün də mənə zəng vurublar ki, gedib qızın evindən yığacaqlar mebelləri. Nəsir də bu dərdə dözə bilmir".
Hadisə şahidlər lent.az-a bildiriblər ki, 65 yaşlı kişi özünü qatarın altına atarkən ortadakı boşluğa deyil, relslərin üstünə düşsəydi, onun həyatını xilas etmək mümkün olmayacaqdı. Məhz relslərin arasındakı boşluq zolağa düşdüyündən həmin şəxs xilas ola bilib.
Qeyd edək ki, intihara cəhd edən şəxs Nardaran sakini, 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğludur. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub: "Saat 09:20 dəqiqədə bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. Əhmədov Nəsir Əlihüseyn oğlu 1951-ci təvəllüdlü Nardaran sakinidir. Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamar mümkün olub. Qatar dərhal dayandırlıb, xətt gərginlikdən ayrılıb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır".