Azərbaycan qadınlarını Türkiyədə işə düzəltmək adı ilə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Elvira Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağlr Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, E.Qurbanova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elvira Qurbanova istintaqa məlum olmayan Maya adlı şəxslə qabaqcadan əlbir olaraq cinayət ələqəsinə girərək qadınları Türkiyəyə aparıb və fahişəliyə cəlb edib. Aralarındakı razılaşmaya əsasən, qurbanları işə düzəldəcəyi vədi ilə aldadaraq onları ölkədən çıxarmağa müvəffəq olub. Bu minvalla 2015-ci ilin avqust-sentyabr aylarında beş nəfər qadını qonşu ölkəyə aparmaqla onları kişi müştəriləri ilə pul müqabilində görüşdürüb, cinsi istismara məruz qoyub. Törətdiyi cinayət əməlinə görə E.Qurbanova qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqla müəyyən edilib ki, E.Qurbanova əvvəllər də eyni ittihama görə məsuliyyətə cəlb olunub, məhkumluq həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra yenidən qadın alveri biznesinə girişib. Bu dəfə isə qurbanlarını ölkədən kənara - Türkiyəyə aparmaqla onları fahişəliyə cəlb edib.