Rusiya Prezidenti Vladimir Putin Pekində keçirdiyi mətbuat konfransında Ukraynadakı vəziyyət, Qərblə münasibətlər və beynəlxalq gündəmlə bağlı bir sıra bəyanatlar verib.
"Unikal" xəbər verir ki, Rusiya lideri Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşə hazır olduğu təqdirdə Moskvaya gəlməsini təklif edib. Bununla yanaşı, o vurğulayıb ki, Rusiya heç vaxt Ukraynaya təhlükəsizlik zəmanətlərinin ərazilər müqabilində verilməsi məsələsini gündəliyə gətirməyib.
Prezident xatırladıb ki, Moskvanın Ukrayna böhranını sülh yolu ilə həll etmək cəhdləri Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alınmaması səbəbindən pozulub. O bildirib ki, ərazi məsələləri Ukraynada referendum yolu ilə həll oluna bilər, lakin bunun üçün əvvəlcə hərbi vəziyyəti ləğv etmək lazımdır. 2022-ci ildə Rusiya qoşunlarının Kiyevdən geri çəkilməsindən sonra Ukrayna tərəfi döyüşləri davam etdirməyə qərar verib.
Dövlət başçısı Vladimir Medinskinin danışıqlar qrupunun rəhbəri kimi fəaliyyətindən razılığını ifadə edərək deyib ki, Moskva danışıqların səviyyəsini yüksəltməyə hazırdır. Vladimir Putin, həmçinin Ukrayna münaqişəsinin həlli istiqamətində “tunelin sonunda işıq” gördüyünü deyib və Rusiyanın əksər hərbçilərinin xüsusi əməliyyatın məqsədlərinə çatmaqda israrlı olduqlarını vurğulayıb. “Məqsədlərə sülh yolu ilə çatmaq daha yaxşıdır”, – deyə o, əlavə edib.
Rusiya Prezidenti onu da qeyd edib ki, əgər sülh yolu ilə həll mümkün olmasa, Moskva qarşıya qoyulan məqsədlərə hərbi yolla nail olmağa məcbur olacaq.
ABŞ Prezidenti Donald Trampla Moskvada mümkün görüşə münasibət bildirən V.Putin qeyd edib ki, görüşə hazırlıq aparılmır və tarix də məlum deyil, lakin amerikalı lider Moskvaya dəvət edilib.
Beynəlxalq münasibətlər mövzusuna toxunan Rusiya Prezidenti vurğulayıb ki, “çoxqütblü dünyanın konturları artıq formalaşıb”. Lakin, çoxqütblülük yeni hegemonların yaranması deyil. Bütün ölkələr bərabər hüquqlara malik olmalıdır.