Bakı Apellyasiya Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dini ekstremist dəstənin üzvləri - Nurəddin Xəlilov, Müşviq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxəliyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Rzayev Anar, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 2015-ci il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyidi tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, V.Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşvıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl-zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər. Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşviq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, "Vinçester" markalı tüfəng, "Revolver" tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanan dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb. Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri - Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6 400 manat pul, xeyli miqdarda qızıl-zinət və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, bu il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus "VAZ-2106" markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə 1 ov tüfəngi oğurlamaları müəyyən edilib. Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub.
Mütəşəkkil dəstənin ümumilikdə 17 üzvü həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Xəlilov ömürlük, M.Mikayılov, H.Rəşad, Ə.Kərimov, C.Kərimbəyli, B.Məmmədov, F.Şirinzadə 20 il, Z.Əliyev, R.Bəyimov 18 il, P.Şixəliyev, R.Səfərəliyev, S.Məmmədov, N.Xəlilov 16, X.Məmmədov 15 il, C.Abdullayev 14 il, İ.Musayev 13 il 6 ay, A.Rzayev 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.