Neftçalada atasını öldürüb, ana və bacısıyla birlikdə yandıran 1992-ci il təvəllüdlü Emil Heybətovun daha bir qətl həyata keçirdiyi məlum olub.

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, 21 yaşlı Emil atasının cəsədinin qalıqlarını Kürə atan zaman Neftçalada taksi sürücüsü işləyən Kamal Rüstəmov hadisəyə şahidlik edib.

Sürücü Heybətovu şantaj edərək ondan bir neçə dəfə pul tələb edib. Şantajlar və pul tələbindən bezən Emil taksi sürücüsünü də qətlə yetirmək qərarına gəlib. Sürücünü öldürüb onun cəsədini Bakıya gətirən gənc mərhumun maşınını da yandırıb.

Meyiti isə Sabunçu rayonu ərazisində, Balaxanı küçəsində kirayədə yaşadıqları evə gətirib. Hadisə yerinə baxış zamanı qətli törədən Emil baş verən dəhşətli qətlin təfərrüatlarını danışıb.

Emil taksi sürücüsünün cəsədini manqalda oduna qarışdıraraq yandırdığını və külün bir hissəsini evin həyətinə, bir hissəsini də küçəyə tökdüyünü etiraf edib.

"Cəsədi maşınla bu evə gətirdim. Həyətdə manqalda hissə-hissə yandırdım. Külünü də ayrı-ayrı yerlərə tökdüm- Emil deyib.

O da məlum olub ki, Emil bu ünvanda tək yox, 3 nəfərlə birlikdə yaşayıb. Onlar Bakıda tikintidə və bazarda fəhlə işləyirmişlər.

Mənzil sahibinin sözlərinə görə, Emil və hadisəni törətdiyi deyilən digər şəxslər 2014-cü ildə onun evində kirayədə yaşayıblar. Sadəcə 23 gün kirayəşin qaldıqları evi sonradan tərk edən Emil və dostları evin pulunu belə ödəməyiblər. Hazırda evdə başqa bir ailə yaşayır.

Bildirək ki, 2014-cü ildə rayonun Yuxarı Qaramanlı kənd sakini Kamal Rüstəmovun maşının yandırılması, özünün isə, itkin düşməsi ilə bağlı məlumat yayılmışdı.

Xatırladaq ki, Emil atası Aydın Heybətovu güllələyərək öldürüb. O, atasına ov tüfəngindən iki dəfə atəş açaraq qətlə yetirib, sonra anası Tükəzban və bacısı ilə birgə meyiti həyətdə yandırıb. Onlar yanmış meyitin qalıqlarını kisələrə yığaraq evlərinin yaxınlığından keçən Kür çayına atıblar.