Dünya Şotokan Federasiyasının (WSF) Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi tərəfindən ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Unikal.org xəbər verir ki, idman mütəxəssislərinin və idmançıların iştirak etdiyi tədbirdə Dünya Şotokan Federasiyasının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, Dünya Şotokan Federasiyasının İdarə Heyətinin üzvü, Dünya və Avropa çempionu Arif Məmmədov öz çıxışında il ərzində əldə olunan nailiyyətlərdən danışıb. O, cari ildə qazanılmış uğurların səbəbini görülən səmərəli iş ilə əlaqələndirib:
"İlin əsas yarışı Avropa Çempionatı idi. Bizim də başlıca hədəfimiz məhz Batumi şəhərində keçirilən bu mötəbər yarışa yönəlmişdi. Əlbəttə ki, arzuolunan nəticəni qazandıq. Həm komanda hesabında, həm də medalların əyarına görə, Azərbaycan komandası fəxri kürsünün ən yüksək pilləsinə yüksəldi".
Arif Məmmədov: "Bugünkü tədbirdə regionlardan olan nümayəndələrimiz və idmançılarımız da iştirak edir. Qazanılan uğur münasibətilə hamınızı təbrik edirəm".
Qeyd edək ki, sonda federasiyanın nümayəndəliyi tərəfindən il ərzində fərqlənmiş idmançılar və məşqçilərə mükafatlar təqdim olunub və onların şərəfinə ziyafət verilib. Nominasiyalar üzrə aşağıdakı şəxslər xüsusi kuboklara layiq görülüblər:
"İlin ən yaxşı məşqçisi" - Elşən Xamoyev
"İlin ən yaxşı idmançısı" - Fərid Savadov
"İlin ən yaxşı regionu" - Şəki
"İlin ən yaxşı klubu" - "Arpaçay"
Sonda Azərbaycan Karate-Do Federasiyaları Assossasiyasının prezidenti Ülvi Quliyev tərəfindən fəxri adlara layiq görülmüş məşqçilərə onların vəsiqələri təqdim olunub. Fəxri adlar almış mütəxəssisləri təqdim edirik:
Mehdiyev Nağı
Qarayev Əbülfət
Mahmudov Gündüz
Məhərrəmov Mahir