Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov da "Qarabağ tarixi" vəsaiti ilə bağlı fikirlərini açıqlayıb.

Unikal.org bildirir ki, millət vəkili bununla bağlı fikirlərini Lent.az-a göndərib. Açıqlamada deyilir: "Həmkarım Siyavuş Novruzov tamamilə haqlı məsələ qaldırdı ki, 8-ci sinifdə Azərbaycan tarixindən 2 dərsliyin - "Azərbaycan tarixi və "Qarabağ tarixi dərsliklərinin olması doğru deyil.

Bu məni təəccübləndirdi və haqlı olaraq S.Novruzovu müdafiə etdim. Narahat olduğum üçün faktı yoxladım. Yəqin etdim ki, orta məktəblərin 8-ci sinfində ancaq mənim həmmüəllif olduğum "Azərbaycan tarixi dərsliyi tədris olunur. Başqa dərslik tədris olunmur. 8-ci sinfin "Azərbaycan tarixi dərsliyində isə verilən saatlara müvafiq olaraq Qarabağ haqqında geniş məlumat verilir. Qarabağ xanlığı, Pənahəli xan Cavanşir, Şuşa-Pənahabad qalası, İbrahimxəlil xanın xarici siyasəti və başqa mövzular tədris olunur. Bu dərslik nazirlik tərəfindən çox ciddi müsabiqələr nəticəsində dərslik kimi təsdiq olunub. Aydınlaşdırdım ki, bundan əlavə nazirlik xətti ilə Azərbaycanın Qarabağ bölgəsinin tarixi barədə fakültativ kurs təşkil olunub. Həmin kurs vasitəsilə həftədə 1 saat şagirdlərə Qarabağ barədə əlavə məlumat verilir. Təhsil Nazirliyinin xüsusi əmri ilə göstərilən fakültativ kurs üçün 2 dildə - Azərbaycan və rus dillərində "Qarabağ tarixi adlı tədris vəsaiti yazılıb. Bu isə dərslik deyil, göstərilən fakültativ kursun tədris vəsaitidir. Həmin vəsait Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna göndərilməyib və institutun Elmi Şurasında təsdiq olunmayıb".

Fikrimcə, Azərbaycan tarixi ilə bağlı fakültativ kursların, o cümlədən Qarabağ tarixi və Azərbaycanın digər hər hansı bölgəsi ilə bağlı bütün fakültativ kursların tədris vəsaitləri nəşr olunmamışdan əvvəl Tarix İnstitutuna göndərilməli və institutun Elmi Şurasının rəyi nəzərə alınmalıdır.

Düşünürəm ki, indiki mərhələdə ayrı-ayrı bölgələr üçün ayrıca tədris vəsaitlərinin yaradılmasına heç bir ehtiyac yoxdur.


Ölkəmizin vahid tarixi vahid dərslik əsasında öyrədilməlidir. Heç bir halda vahid Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmalı deyil".

Maraqlıdır ki, Y. Mahmudovun tədrisinə ehtiyac duymadığı "Qarabağ tarixi" vəsaiti elə onun rəhbərlik etdiyi Tarix İnstitutunun "Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev və Şuşa Rayon Təhsil Şöbəsinin sabiq aparıcı məsləhətçisi, respublikanın əməkdar müəllimi Əyyub Əbdüləzimov tərəfindən hazırlanıb.