Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu adına layiq görülmüş Vüqar Həşimovun anım günüdür.
Unikal.org xəbər verir ki, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası uğrunda çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada Azərbaycanın yığmasının tərkibində olub.
2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırmışdı).
Azərbaycan yığması ilə 2011-ci ilin vitse-çempionu və 2010-2011-ci illərdə Reggio Emilia turnirinin qalibi adını qazanıb.
Vüqar Həşimov beyində bədxassəli şişlə əlaqədar 2014-cü il yanvarın 11-də dünyasını dəyişib.